Tez-tez verilən suallar
Əmlak Məsələləri Dövlət Xidmətində necə könüllü olmaq olar?
Əmlak Məsələləri Dövlət Xidmətində könüllü olmaq üçün ilk növbədə elektron və ya birbaşa müraciət edilməlidir. Elektron qaydada müraciət üçün CV-nizi hr@emlak.gov.az elektron ünvanına göndərə və ya “Könüllü ol” bölməsindəki müraciət anketini doldura bilərsiniz. Birbaşa müraciət üçün isə CV formasını Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatının inzibati binasına təqdim etmək olar.
Könüllü olmaq istəyən gənclər, tələbə və məzunlar üçün hansı imkanlar yaradılır?
Əmlak Məsələləri Dövlət Xidmətində könüllülük-gənclər, tələbə və məzunlara öz bilik və bacarıqlarını artırmaq, fəaliyyət göstərdiyi sahələrdə təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək və öz ixtisaslarına uyğun kadr kimi formalaşmalarında onlara geniş imkanlar yaradan bir fəaliyyətdir.
Könüllü fəaliyyəti müddətində əməkhaqqı alırmı?
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən könüllü fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.
Könüllü olmaq üçün müraciət etmək istəyən şəxslərlə bağlı tələblər hansılardır ?
Əmlak Məsələləri Dövlət Xidmətində könüllü fəaliyyətlə bağlı 18-30 yaş arası, tələbələr, ali təhsilli və orta ixtisas təhsilli şəxslər müraciət edə bilər
Könüllü fəaliyyətin müddəti nə qədərdir?
Əmlak Məsələləri Dövlət Xidmətində könüllü fəaliyyətin müddəti 2 aydır. Könüllülər ilə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər..
Könüllü fəaliyyətin müddəti bitdikdən sonra işlə təmin edilmə məsələsinə baxılırmı?
Könüllü fəaliyyət haqqında müqavilənin müvafiq bəndinə əsasən könüllü fəaliyyət heç bir halda işə götürülmə üçün əsas yaratmır. Lakin, könüllülük müddətini uğurla başa vurmuş namizədlər sertifikat ilə təmin olunur və fəaliyyət istiqamətləri üzrə bilik və bacarıqlar əldə etmiş könüllülər gələcəkdə Xidmətdə mövcud olan dövlət qulluğu olmayan vakant vəzifələr üzrə dəyərləndirilmək üçün kadr rezerv bazasına daxil edilirlər.
Respublikamızın digər şəhər və rayonlarında Əmlak Məsələləri Dövlət Xidmətinin könüllülərinə qoşulmaq olarmı?
Yuxarıda göstərilən qaydada respublikanın bütün şəhər və rayonlarında Əmlak Məsələləri Dövlət Xidmətinin könüllüləri sıralarına qoşula və fəaliyyət göstərə bilərsiniz.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə hansı tədbirlər görülür?
Könüllülərin fəaliyyətləri müddətində nəzəri biliklərinin artırılması məqsədilə mütəmadi olaraq onlara fəaliyyət sahələrinə uyğun normativ hüquqi aktlardan və elmi ədəbiyyatlardan təlimlər keçirilir. Həmçinin hər bir könüllünün fəaliyyətini kurator istiqamətləndirir, fəaliyyət sahələrinə uyğun təcrübələr əldə edirlər.