Metodik tövsiyə
Xüsusi hesabat formasının doldurulmasına dair metodik tövsiyələr
Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik Xüsusi hesabat forması» dövlət müəssisələri və dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hər il aprelin 1-dək əvvəlki il üçün təqdim edilir.Xüsusi hesabatın üz qabığında hesabat təqdim edən müəssisənin (dövlət orqanının) adı, tabe olduğu yuxarı idarəetmə orqanının adı, hüquqi ünvanı, onun rəhbərinin adı, soyadı, atasının adı, əsas və qeyri-əsas fəaliyyət növü və sairə bu kimi məlumatlar əks etdirilməlidir. Əgər hüquqi şəxs statuslu struktur bölmələrinin, filial və nümayəndəliklərinin sayı çox olarsa, onda bu hissədə onların rəqəmlə sayı göstərilməli, adları və ünvanları isə ayrıca siyahı formasında hazırlanıb «Xüsusi hesabat forması»na əlavə edilməlidir. Dövlət əmlakının registrində müəssisənin (dövlət orqanının) qeydiyyat nömrəsi dedikdə, Əmlak Məsələləri Dövlət Xidmətinə müəssisələrin əmlakının registr kodu nəzərdə tutulur.
I bölmə. Müəssisənin maliyyə göstəriciləri haqqında məlumat
I bölmədə hesabat təqdim edən müəssisənin (dövlət orqanının) maliyyə göstəriciləri: hesabat ilində əldə olunan mənfəətin (zərərin) həcmi, ümumi gəliri, daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir, xərclərin həcmi və sairə bu kimi göstəricilər əks etdirilməlidir. 003-005-ci sətirlərdə müəssisənin yalnız əsas fəaliyyət növü üzrə hesabat ilində istehsal etdiyi məhsulların (işlərin, xidmətlərin) adları yazılmalıdır. Əgər müəssisənin əsas fəaliyyət növü çox olarsa, 003-cü sətirdə onların sayı yazılmalı və ayrıca siyahı formasında hazırlanıb «Xüsusi hesabat forması»na əlavə edilməlidir. 006-cı sətirdə qeyd edilən məbləğ 007-ci, 008-ci, 009-cu, 010-cu və 011-ci sətirlərin cəminə bərabər olmaya da bilər. Çünki, 006-cı sətirdə ümumi gəlir nəzərdə tutulduğu halda, 007-ci, 008-ci, 009-cu, 010-cu və 011-ci sətirlərdə gəlirə aid edilən bütün maddələr əks etdirilmir.010-cu sətirdə əmlakın icarəyə verilməsindən alınan icarə haqqının Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli, 629 saylı Fərmanına müvafiq olaraq, müəssisənin (təşkilatın) sərəncamında qalan hissəsi göstərilməlidir.011-ci sətirdə Vergi Məcəlləsinin 122-ci madəsinə müvafiq olaraq ödəmə mənbəyində tutulan vergi məbləği çıxılmaqla dividend sahibinin faktiki aldığı məbləğ əks etdirilməlidir.012-ci sətirdə xərclərin həcmi kimi məhsulun maya dəyərinə daxil edilən vergilər də daxil olmaqla ümumi xərclər qeyd edilməlidir. Əvvəllər əsas vəsaitlərə aid edilən tikililər (binalar və s. tikililər), avadanlıqlar (maşın və mexanizmlər, qurğular, hesablama texnikası və s.) və xüsusi mülkiyyətdə olan torpaq hal-hazırda tətbiq edilən milli mühasibat uçotu standartlarında «torpaq, tikili və avadanlıqlar» termini kimi istifadə edildiyindən «Xüsusi hesabat forması»nda da bu termindən istifadə edilmişdir. 013-cü sətirdə torpaq, tikili və avadanlıqların qiymətdən düşməsindən əmələ gələn zərərlərin məbləği əks etdirilməlidir.
II bölmə. Müəssisənin balans aktivləri və öhdəlikləri barədə məlumat
II bölmədə müəssisənin hesabat ilinin əvvəlinə və sonuna, həmçinin hesabat ilində mədaxil və məxaric olunan balans aktivləri və balans öhdəlikləri barədə məlumatlar əks etdirilməlidir. Hesabat ilinin əvvəlinə mövcud olan balans aktivləri və balans öhdəliklərinin üzərinə hesabat ilində mədaxil olunanları əlavə edib hesabat ilində məxaric olunanları çıxdıqda hesabat ilinin sonuna balans aktivləri və balans öhdəliklərinin dəyəri alınmalıdır. Balans aktivlərinin yekunu ilə balans öhdəliklərinin yekunu bir-birlərinə bərabər olmaya da bilər. Belə ki, balans öhdəliklərinin tərkibində bütün balans passivləri nəzərə alınmamışdır.Bu bölmənin 018-ci sətrində («Quraşdırılası avadanlıqlar» (anbarda olan avadanlıqlar)) müəssisə (təşkilat) tərəfindən alınmış, istismara verilməmiş, tikilməkdə (yenidən qurulmaqda) olan kapital qoyuluşu obyektlərində qurulmaq üçün nəzərdə tutulan avadanlıqların dəyəri əks etdirilir.Bu bölmənin 019-cu sətrində («Başa çatdırılmamış kapital qoyuluşları») müəssisənin (təşkilatın) dövriyyə vəsaitlərinə aid edilməyən aktivlərə, o cümlədən, torpaq, tikili, avadanlıqlara, qeyri-maddi aktivlərə hesabat tarixinə başa çatmamış investisiya qoyuluşlarının məbləği əks etdirilir.Bu bölmənin 020-ci sətrində («İstehsal ehtiyatları») müəssisənin (təşkilatın) istehsalda istifadə edilməsi və yaxud təsərrüfat ehtiyacları üçün nəzərdə tutulan (o cümlədən bitməmiş istehsal mərhələsində olan) əmək əşyalarının dəyəri əks etdirilir. Kənara satılmaq üçün alınmış və yaxud daxili ehtiyaclar üçün nəzərdə tutulmuş malların, müəssisənin (təşkilatın) özü tərəfindən istehsal edilmiş hazır məhsulun və həmçinin müəyyən edilmiş qaydaya müvafiq olaraq azqiymətli və tezköhnələn əşyalar kimi dövriyyədəki vəsaitlərin tərkibinə daxil edilən əmək vəsaitlərinin hesabat tarixinə qalıq dəyəri də bu sətirə daxil edilməlidir.Bu bölmənin 021-ci sətrində («Maliyyə qoyuluşları») müəssisənin (təşkilatın) digər müəssisələrin qiymətli kağızlarına, dövlət və yerli borclar üzrə qiymətli kağızlara, digər müəssisələrin nizamnamə kapitalına maliyyə qoyuluşlarının, digər şəxslərə verilmiş borcların məbləği əks etdirilir.Bu bölmənin 022-ci sətrində («Debitor borcları») müəssisənin (təşkilatın) bütün kənar şəxslərələ, o cümlədən öz işçiləri ilə bütün növ hesablaşmaları (təsisçilərlə hesablaşmalar istisna edilməklə) üzrə debitor borclarının hesabat tarixinə qalığı əks etdirilir.Bu bölmənin 023-cü sətrində («Təsisçilərlə hesablaşmalar») təsisçilərin müəssisənin (təşkilatın) nizamnamə kapitalına pay qoyuluşları üzrə borclarının hesabat tarixinə qalığı əks etdirilir.Aktivlərin tərkibində olan bioloji aktivlər dedikdə, çoxillik əkmələr, işçi və məhsuldar heyvanlar və digər bu kimi aktivlər, «investisiya mülkiyyəti» dedikdə isə müəssisənin (təşkilatın) icarəsində olan və alqı-satqı üçün nəzərdə tutulan torpaq, tikili və avadanlıqlar və s. nəzərdə tutulur.
III bölmə. Müəssisənin torpaq, tikili və avadanlıqları haqqında məlumat
III bölmə 10 hissədən ibarətdir.1-ci hissədə müəssisənin balansında olan torpaq, tikili və avadanlıqların mövcudluğu və hərəkəti haqqında məlumatlar əks etdirilməlidir. Bu hissədə hesabat ilinin əvvəlinə və sonuna torpaq, tikili və avdanlıqların ilkin və balans dəyərləri, il ərzində daxil olmuş və çıxmış torpaq, tikili və avadanlıqlar haqqında məlumatlar əks etdirilməlidir. Milli mühasibat uçotu standartlarına uyğun olaraq xüsusi hesabatda göstərilən torpaq, tikili və avadanlıqların ilkin dəyəri dedikdə, torpaq,tikili və avadanlıqların satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri və yaxud tətbiq edilməsi mümkün olan təqdirdə, digər standartların (məsələn: «Səhm üzrə mənfəət» adlı 2№-li MHBS) xüsusi tələblərinə uyğun olaraq ilkin mərhələdə tanınmış torpaq, tikili və avadanlıqlara aid edilən məbləğ, balans dəyəri dedikdə isə yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra torpaq, tikili və avadanlıqların balans hesabatında tanınan dəyəri başa düşülməlidir.İl ərzində yenidənqiymətləndirmə nəticəsində balansa daxil olmuş və ya çıxmış torpaq, tikili və avadanlıqların məbləği dedikdə milli mühasibat uçotu standartlarına uyğun olaraq yenidənqiymətləndirmə nəticəsində torpaq, tikili və avadanlıqların ilkin dəyərinin artması və ya azalması nəzərdə tutulur. İl ərzində amortizasiya hesablanmasından yaranan fərq hesabına balansa daxil olmuş və ya çıxmış torpaq, tikili və avadanlıqların məbləği dedikdə isə milli mühasibat uçotu standartlarına əsasən yenidənqiymətləndirməyə uyğun olaraq amortizasiya hesablanmasından yaranan fərq hesabına torpaq, tikili və avadanlıqların ilkin dəyərinin artması və ya azalması nəzərdə tutulur. Həmçinin il ərzində balansdan çıxmış torpaq, tikili və avadanlıqların hansı səbəbdən balansdan çıxdığı (özəlləşdirilmişdir və ya satılmışdır, yenidənqiymətləndirmə, amortizasiya hesablanmasından yaranan fərq hesabına balansdan xaric olunmuşdur, əvəzsiz verilmişdir və s.) göstərilməlidir. Balansdan silinmiş torpaq, tikili və avadanlıqların vahidinin (dəstinin) ilkin dəyərinin 5000 manatadək və ya ondan çox olması haqqında məlumatlar da verilməlidir.2-ci hissədə hesabat ilinin əvvəlinə və sonuna torpaq, tikili və avadanlıqların növləri üzrə köhnəlmə məbləğləri, hesabat ili ərzində hesablanmış və çıxmış köhnəlmə məbləğləri haqqında məlumatlar əks etdirilməlidir. Bu hissədə il ərzində yenidənqiymətləndirmə və amortizasiya hesablanmasından yaranan fərq hesabına daxil və xaric olmuş torpaq, tikili və avadanlıqların köhnəlməsinin məbləği də qeyd edilməlidir. Hesabat ilinin əvvəlinə köhnəlmə məbləğlərinin üzərinə il ərzində hesablanmış köhnəlmə məbləğlərini əlavə edib, il ərzində çıxmış köhnəlmə məbləğlərini çıxdıqda hesabat ilinin sonuna köhnəlmə məbləğləri alınmalıdır.3-cü hissədə torpaq, tikili və avadanlıqların növləri üzrə təmiri ilə bağlı xərclər barədə məlumatlar əks etdirilməlidir. Bu hissədə torpaq, tikili və avadanlıqlara çəkilmiş təmir xərclərinin Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 115.1-ci maddəsinə uyğun olaraq normadan artıq hissəsi ayrıca göstərilməlidir.4-cü hissədə torpaq, tikili və avadanlıqların (fondların) söküntüsündən əldə edilən maddi resurslar barədə məlumatlar əks etdirilməlidir. Bu hissədə hesabat dövründə istifadə edilmiş maddi resurslar, onların satışından daxil olmuş vəsaitlər və onların istifadəsi haqqında məlumatlar verilməlidir.5-ci hissədə Azərbaycan Respublikasının hüdudlarından kənarda olan əmlakların dəyəri, o cümlədən müəssisə və obyektlər, səfirliklər, nümayəndəliklər, diplomatik korpuslar, konsulluqlar və s.,6-cı hissədə mülki-müdafiə təyinatlı, yəni xüsusi tikilmiş mühafizə qurğuları, radiasiya daldalanacaqları, bombalardan qorunmaq üçün sığınacaqlar və s.,7-ci hissədə hesabat ili ərzində lizinq müqaviləsi ilə alınmış, yəni hesabat ili ərzində faktiki olaraq alınmış əmlakların dəyəri, 8-ci hissədə isə lizinq müqaviləsi ilə alınması nəzərdə tutulan, yəni hesabat ili ərzində bağlanılmış lizinq müqaviləsinin şərtlərində qeyd edilmiş müddətə ödənilməsi nəzərdə tutulan əmlakların dəyəri barədə məlumatlar qeyd olunmalıdır. Bu məlumat ancaq bir dəfə – lizinq müqaviləsinin bağlanıldığı il üçün doldurulur.9-cu hissədə borclara görə müəssisənin əmlakının siyahıya alınması və hərraclarda satılması haqqında məlumatlar göstərilməlidir. Bu zaman verilmiş cədvəldə borc yaranmış orqanın adı, yaranmış borcun məbləği, siyahıya alınmış əmlakın ilkin və balans dəyərləri, həmçinin hesabat ilində hərracda satılmış əmlakın balans dəyəri və satış məbləği əks etdirilməlidir.10-cu hissədə isə hesabat ili ərzində müəssisənin sığortalanmış əmlakının dəyəri haqqında məlumatlar verilməlidir. Bu zaman verilmiş cədvəldə hesabat dövrü ərzində sığortalanmış əmlakın dəyəri, yəni hansı məbləğdə əmlak sığortalanmışdır, sığortalanmış əmlakın sığorta faizi, yəni sığortalanmış əmlak hansı faiz dərəcəsi ilə sığortalanıb və ödənilmiş sığorta haqqı haqqında məlumatlar əks etdirilməlidir.
IV bölmə. Daşınmaz əmlakın mövcudluğu, daşınar və daşınmazəmlakdan istifadə vəziyyəti haqqında məlumat
IV bölmə 4 hissədən ibarətdir. Bu bölmədə daşınmaz əmlakın mövcudluğu, daşınar və daşınmaz əmlakdan istifadə vəziyyəti haqqında məlumatlar əks etdirilməlidir.1-ci hissədə müəssisənin balansında və ya istifadəsində olan qeyri-yaşayış sahəsi haqqında məlumat verilir. Bu məlumatlar müəssisənin balansında olan, həmçinin sonradan inşa edilib balansa götürülməyən, müəssisənin balansında olan qeyri yaşayış sahələri, o cümlədən işğal altında qalan qeyri-yaşayış sahələri haqqında məlumatları əks etdirir. Burada «faydalı sahə» dedikdə müəssisənin (təşkilatın) faktiki olaraq özü tərəfindən istifadə olunan sahə başa düşülməlidir.2-ci hissədə müəssisənin istifadəsində olan və vaxtı ilə müvafiq dövlət qurumlarının sərəncamları əsasında ayrılmış ümumi torpaq sahəsi, müəssisələrin tikintialtı torpaq sahələri, yəni onların bina və əsaslı tikililərinin altında yerləşən torpaq sahələri haqqında, sərbəst torpaq sahələri, yəni müəssisənin bina və əsaslı tikililərin altındakı torpaq sahələri kateqoriyasına aid edilməyən torpaq haqqında məlumatlar əks etdirilir.3-cü hissədə hesabat ili ərzində müəssisənin (təşkilatın) icarəyəverən kimi bağladığı icarə müqavilələrinin sayı və4-cü hissədə isə icarəyə verilmiş daşınar və daşınmaz əmlakın icarə haqqı (daşınmaz əmlak üçün – müəssisənin (təşkilatın) sərəncamında qalan hissə) barədə məlumatlar qeyd edilməlidir.
V bölmə. Borc vəsaitlərinin hərəkəti, torpaq, tikili və avadanlıqların girovqoyulması (ipotekası) haqqında məlumat
V bölmə 3 hissədən ibarətdir. Bu bölmədə borc vəsaitlərinin hərəkəti, torpaq, tikili və avadanlıqların girov qoyulması (ipotekası) haqqında məlumatlar əks etdirilməlidir.1-ci hissədə hesabat ilinin əvvəlinə, hesabat ili ərzində alınmış və ödənilmiş, həmçinin hesabat ilinin sonuna uzunmüddətli və qısamüddətli bank kreditlərinin, uzunmüddətli və qısamüddətli borcların və işçilər üçün bank kreditlərinin məbləği haqqında məlumatlar əks etdirilməlidir. İlin əvvəlinə qalığın üzərinə il ərzində alınmış məbləğləri əlavə edib, il ərzində ödənilmiş məbləğləri çıxdıqda hesabat ilinin sonuna qalıq məbləğləri alınmalıdır.2-ci hissədə hesabat ili ərzində bağlanılmış girov (ipoteka) müqavilələrinin sayı,3-cü hissədə isə zəmanətlər barədə informasiyalar qeyd edilməlidir.
VI bölmə. Müəssisənin yerləşdiyi torpaq sahələrində tikinti, quraşdırma vəyenidənqurma işlərinin aparılması barədə məlumat
VI bölmə 2 hissədən ibarətdir. VI bölmədə müəssisənin yerləşdiyi torpaq sahələrində tikinti, quraşdırma və yenidənquraşdırma işlərinin aparılması barədə məlumatlar qeyd edilməlidir.1-ci hissədə hesabat ilində tikintisi, quraşdırılması və yenidənqurulması aparılmış obyektlər, yəni müəssisə üzrə tikilmiş, yenidənqurma işləri aparılmış obyektlərin sayı, həmin obyetlərin əhatə etdiyi torpaq sahəsi və yerinə yetirilmiş işlərin həcmi barədə məlumatlar qeyd edilməlidir.2-ci hissədə isə müəssisənin istifadəsində olan torpaq sahələrindən başqa şəxslərə verilmiş torpaq sahəsi, habelə hüquqi və fiziki şəxslər tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq razılığı olmadan istifadə edilən torpaq sahələri haqqında ətraflı məlumatlar əks etdirilməlidir.
VII bölmə. Müəssisənin iştirakı ilə yaradılmış birgə (müştərək) müəssisələrbarədə məlumatVII bölmədə müəssisənin iştirakı ilə yaradılmış birgə (müştərək) müəssisələr barədə məlumatlar göstərilməlidir. Verilmiş cədvəldə birgə müəssisə haqqında tam məlumat, birgə müəssisənin nizamnamə fondunun həcmi, nizamnamə fondunda müəssisənin payı faizlə və məbləğlə, hesabat ili ərzində birgə müəssisə üzrə əldə edilən xalis mənfəət və müəssisənin birgə müəssisədə iştirak payına görə hesablanmış və ödənilmiş dividendlərin məbləğləri əks etdirilməlidir. Bu bölmədə hesablanmış dividend hesabat ilindən əvvəlki il ərzində əldə edilmiş xalis mənfəətdən ayırmaların məbləğini, ödənilmiş dividend isə əvvəlki illərdə əldə edilmiş xalis mənfəətdən hesablanmış dividend məbləğlərindən hesabat ili ərzində ödənilmiş hissəsini əks etdirir.VIII bölmə. Hesablanmış və ödənilmiş dividendlər barədə məlumatVIII bölmədə yalnız yalnız dövlət payına (səhmlərə) görə hesablanmış və ödənilmiş dividendlər barədə məlumatlar qeyd edilməlidir. Bu bölməni yalnız dividend ödəyiciləri olan səhmdar cəmiyyətləri və birgə müəssisələrin nizamnamə fondunda payı olan müəssisələr doldurur.IX bölm. İşçilər və əmək haqqı barədə məlumat IX bölmə 2 hissədən ibarətdir. Bu bölmədə işçilər və onların əmək haqqı barədə məlumatlar verilməlidir.1-ci hissədə əmək müqaviləsi (kontraktı) ilə işləyən işçilərin sayı,2-ci hissədə isə hesabat ili ərzində onlara hesablanmış əmək haqqı məbləği barədə məlumatlar əks etdirilməlidir.
X bölmə. İnvestisiya qoyuluşları haqqında məlumat
X bölmə xüsusi hesabatın sonuncu bölməsidir. Bu bölmə 3 hissədən ibarətdir.1-ci hissədə hesabat ilində müəssisəyə qoyulmuş ümumi investisiyaların həcmi,2-ci hissədə investisiya qoyuluşlarının istiqamətləri,3-cü hissədə isə investisiya qoyuluşlarının icra müddətləri barədə bütün lazımi informasiyalar verilməlidir.Xüsusi hesabat müəssisənin (dövlət orqanının) rəhbəri və baş mühasibi tərəfindən imzalanmalı, möhürlənməli və hesabat ili üçün növbəti ilin aprel ayının 1-dək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməlidir.