Xidmətlər
Müasir dövrdə insan fəaliyyətinin ayrılmaz hissəsinə çevrilən qlobal peyk naviqasiya sistemləri çoxsahəli şəkildə tətbiq olunduğuna görə çox böyük əhəmiyyət kəsb edir. Sistemin bu günə qədər inkişaf etmiş və bundan sonra inkişaf edəcək tətbiq sahələri mövcuddur. Bu sistemin hal-hazırda tətbiq edilən və tətbiq olunması məqsədəuyğun olan sahələri aşağıdakılardır:
AzPOS xidmətlərindən istifadə edərək Respublika daxilində görülən bütün ölçmə işləri eyni sistemdə və formatda yerinə yetirilir. Xəritələrin tərtibi və kadastr işləri, mühəndis geodeziya ölçmələri, yeraltı kommunikasiya işləri, planaalma işləri və s. sistemin köməkliyi ilə daha tez və daha az xərclə həyata keçirilir.
Ölçü nöqtələrində binaların və yolların inşaatında GNSS qəbulediciləri istifadə olunmaqdadır. Bu işlərin həyata keçirilməsində GPS avadanlıqları istifadə edilir. Qoşa tezlikli bu qəbuledicilərin koordinatların daha dəqiq verilməsi kimi üstünlüyü var.
Bundan əlavə kənd təsərrüfatı sahəsində məqsədyönlü şəkildə istifadəsi mümkündür. Məhsul yığımı dövründə tarlaların monitor dəstəyi olan məhsul xəritəsini tərtib edərək bu sistemdən faydalanmaq olar. Eyni zamanda xammalın emal edilməsi və dərmanlama proseslərində çox yararlıdır.
Yer qabığı hərəkətlərinin yüksək həssasiyyətlə ölçülməsində differensial GNSS istifadə olunur. Seysmik baxımdan aktiv olan ərazilərdə ölçülər aparılaraq gərilmə və yer hərəkətinin müəyyənləşdirilməsində tətbiq edilir.
Yuxarıda qeyd edilənlərdən başqa bu sistem bir sıra digər sahələrdə də (mobil sistem, lokasiya, naviqasiya, yönləndirmə, yol xərcinin təyini, hidrometeorologiya, fotolokasiya və s.) bir çox ölkələrdə uğurla tətbiq edilməkdədir.