Adına daşınmaz əmlakın olub-olmamasını elektron qaydada öyrənmək olur
Daşınmaz əmlakın mövcudluğu barədə arayışı heç bir yerə getmədən, elektron qaydada əldə etmək mümkündür. Elektron xidmətin istifadəsi isə sadə və rahatdır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” adlı elektron xidməti vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib.
Adıçəkilən xidmət adına daşınmaz əmlakın olub-olmaması barədə arayışın alınmasını vətəndaş üçün daha əlçatan edib. Belə ki, şəxs bu arayışı elektron qaydada əldə edə bilir.
Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyinin e-services.economy.gov.az portalına daxil olaraq, “Xidmətlər/Əmlak Məsələləri Dövlət Xidməti” bölməsindən daxil olaraq təqdim olunmuş siyahıdan “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” elektron xidmətini seçmək lazımdır. Açılan yeni pəncərədə vətəndaş şəxsiyyət vəsiqəsinin seriya, nömrə və FİN kodunu daxil edərək sistemə daxil olur. Növbəti pəncərədə ərizəçi “yeni müraciət” bölməsinə keçid edərək müvafiq bölmələrə məlumatları daxil edir. Arayış hazır olduqda ərizəçinin müraciətdə qeyd etdiyi elektron poçt ünvanına və mobil nömrəsinə SMS bildiriş göndərilir.
Xidmət haqqı isə adınıza olan əmlakların sayından asılı olaraq dəyişir. Ödəniş məbləği sizə sms bildirişlə göndərilir. Ödənişi isə istənilən ödəmə terminalından etmək mümkündür.
