Əmlak Məsələləri Dövlət Komitəsinin “kütləvi çıxarış” kampaniyasında daha bir yenilik
Kampaniyadakı yenilik ondan ibarətdir ki, yerlərdə mobil ofislər vasitəsilə (xüsusi nəqliyyat vasitələrində) keçirilən kampaniyada bundan sonra vətəndaşların əvvəllər əldə etdiyi mülkiyyətə dair sənədləri də qəbul ediləcək. Bütün bu yeniliklər daha rahat, optimal və çevik xidmətləri əhaliyə təqdim etmək, xidmətlərdə əlçatanlığı təmin etmək və vətəndaş məmnunluğuna nail olmaq məqsədi daşıyır. Həmçinin kampaniya daşınmaz əmlak bazarının aktivləşməsinə, əmlakla bağlı əməliyyatların genişlənməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına böyük təkan verir.
Eyni zamanda, “kütləvi çıxarış” kampaniyası çərçivəsində hüquqi maarifləndirmə aksiyasına da start verilib. Belə ki, kampaniyanın keçirildiyi şəhər və rayonlarda, kənd və qəsəbələrdə vətəndaşlar arasında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə işləri də aparılır. Onlara daşınmaz əmlakın qeydiyyatının üstünlükləri, sosial-iqtisadi faydaları, qeydiyyat prosedurları, zəruri sənədlər və digər hüquqi məsələlər izah edilir. Bu istiqamətdə verilən suallar cavablandırılır.
Yeni formatda kampaniya Zaqatala rayonunda keçirilib. Belə ki, komitənin mobil ofislərində 250-yə yaxın vətəndaşa əvvəlki illərdə onlara verilmiş mülkiyyət sənədləri əsasında dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 100-ə yaxın vətəndaşdan əvvəllər verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət hüququnu təsdiq edən sənədlər də qəbul edilib.
“Kütləvi çıxarış” kampaniyasının məhz mobil ofislər vasitəsilə həyata keçirilməsi xidmətlərdə rahatlığı və çevikliyi təmin edib. Mobil ofis xidmətləri bütün respublika üzrə müxtəlif rayonlarda paralel olaraq həyata keçirilir.
Kampaniya qısa müddətdə əksər daşınmaz əmlak sahiblərinin marağını özünə çəkib. Respublika üzrə əhatə dairəsi sürətlə genişlənir. Regionlarda kampaniyadan faydalanan vətəndaşların sayı artmaqdadır. Qeyd edək ki, indiyədək kampaniya 10-a yaxın rayonun kənd və qəsəbələrində, o cümlədən Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki, Göygöl, Masallıda həyata keçirilib. Kampaniya başlayandan bu günədək ümumilikdə 2500-ə yaxın vətəndaş faydalana bilib.
Qeyd olunduğu kimi, kampaniyadan əlavə, komitə ötən ilin aprel ayından başlayaraq şəhər və rayonlarda xüsusi təbəqədən olan insanlara mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri də göstərir. Bu xidmətlərə fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsi aiddir. Mobil ofislərdə xidmətlər zamanı vətəndaşın təqdim etdiyi sənədlər yerindəcə yoxlanılır, qəbul edilir və növbəti proesdurlar barədə məlumat verilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə zəng vurmaqla mobil ofis xidmətlərindən faydalanmaq mümkündür.
Ünvanlarda mobil ofis xidmətinin təşkilində məqsəd qeydiyyat xidmətlərini vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırmaq və vaxta qənaət etməkdir. İndiyədək mobil ofislər vasitəsilə 20 minə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.