“Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər” mövzusunda İctimai Təqdimat keçirilib
Tədbiri giriş sözü ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov açıb. Sədr müavini qeyd edib ki, dövlət başçısının müvafiq Fərmanlarına əsasən, komitənin fəaliyyət istiqamətlərindən biri də ölkə üzrə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtibi və aparılmasıdır.
Bildirilib ki, respublika üzrə daşınmaz əmlakın kadastrı və ünvan reyestri ilə bağlı fəaliyyət həyata keçirilərkən digər aidiyyəti qurumlarla birlikdə hərəkət etmək, qarşılıqlı fəaliyyət göstərmək zəruridir. Məhz bu məqsədlə, bu tədbir digər dövlət qurumları, aidiyyəti və maraqlı təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilir.
Sədr müavini qeyd edib ki, daşınmaz əmlakın kadastrı və ünvan reyestri kimi sahələr sosial baxımdan çox əhəmiyyətlidir. Ölkə üzrə daşınmaz əmlakların elektron kadastr məlumat bazasının yaradılması,rəqəmsal kadastr xəritələrinin tərtibi, ünvan məlumatlarını vahid virtual məkanda cəmləşdirən ünvan reyestrinin yaradılması bu işlərlə bilavasitə və ya dolayısı ilə əlaqəli olan digər təşkilatların da fəaliyyətlərinə təsir göstərir. Elektron kadastr məlumat bazası ölkədə əmlak idarəçiliyinin müasir əsaslarla qurulmasına, ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informasiya mübadiləsi aparmağa şərait yaradır.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilk növbədə Bakı, Gəncə və respublika tabeli digər şəhərlər üçün daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazalarının və rəqəmsal kadastr xəritələrinin hazırlanmasına başlanılıb.
Tədbirdə Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılması Mərkəzinin Direktoru Ramiz Quliyev “Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər” mövzusunda çıxış edib. Bildirilib ki, son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi, ölkədəki daşınmaz əmlakların rəqəmsal kadastr xəritələrinin hazırlanması ilə bağlı mühüm işlər həyata keçirilir. Azərbaycan Respublikasında qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir kadastr sistemi yaradılmaqdadır. Daşınmaz əmlakın kadastrı sahəsində qanunvericilik təkmilləşdirilir, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır. Müxtəlif beynəlxalq layihələr həyata keçirilir, kadastr və ünvan istehsalatına ən müasir texnika və texnologiyalar gətirilir.
Mərkəzin direktoru qeyd edib ki,Bakı şəhərinin 7 rayonunda kadastr işləri artıq yekunlaşıb. Hazırda Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Almaniyadan olan mütəxəssislərin iştirakı ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələrinin yaradılması işi icra olunur. 2016-cı ilin birinci yarımilliyində bu işin yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin, respublikanın 53 şəhər və rayonları üzrə sadələşdirilmiş elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşıb.
Beləliklə, 2015-ci ilin sonuna ölkəmizin kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazasına nail olunacaq. Yaxın 3-4 il ərzində Azərbaycan Respublikasının bütün ərazisindəki daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması işinin yekunlaşdırılması nəzərdə tutulur.
Məlum olduğu kimi, vətəndaşların, biznes qurumlarının, eləcə də dövlət orqanlarının gündəlik işində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ünvan məsələsidir. Ünvan sahəsində də ardıcıl fəaliyyət davam etdirilir. Hazırda respublikada ünvanvermə işləri yeni qaydalar əsasında aparılır.
Tədbirdə bildirilib ki, 2015-ci ilin sonuna Ünvan Reyestri İnformasiya Sistemi ölkə üzrə tam istifadəyə veriləcək. Bu sistemin işə salınması bu ildən etibarən mərhələlərlə ünvanvermə sahəsində də elektron xidmətlər tətbiq edilməsinə imkan yaradacaq. 2015-ci ilin II yarısından etibarən nəqliyyat vasitələrində GPS navigatorlar üçün ünvanların məlumat bazasının istifadəyə verilməsi nəzərdə tutulur. 2015-2017-ci illərdə ölkə üzrə müasir dizaynlı ünvan lövhələrinin ölkə üzrə quraşdırılması işinin yekunlaşdırılması planlaşdırılır.
Daha sonra tədbirdə daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahəsində nailiyyətlər və nəticələri əks etdirən video-çarx nümayiş olunub. Həmçinin Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemi ilə bağlı digər çıxışlar və təqdimatlar olub. Tədbir çərçivəsində müxtəlif müzakirələr aparılıb, sonda isə verilən suallar cavablandırılıb.