Bu ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-aprel ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 66,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-aprel ayları ərzində 14 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 324 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 4 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 123 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.
Cari ilin yanvar-aprel ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 51,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk 4 ayı ərzində 190-ı qeyri-yaşayış, 1.254-ü isə torpaq sahələri üzrə olmaqla 1.444 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 14,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 19% artım qeydə alınıb.
Beləliklə, 2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 66,4 milyon manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 40,2% çoxdur.
