2020-2024-cü illər ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində görülmüş işlər

Son 5 ildə özəlləşdirmə nəticəsində dövlət büdcəsinə 514,4 milyon manat vəsait daxil olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2020-2024-cü illərdə dövlət əmlakının özəlləşdirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Müasir dövrün tələblərinə uyğun olaraq qanunvericilik bazası təkmilləşdirilib, investorların cəlb edilməsi üçün yeni yanaşmalar tətbiq edilib. Belə ki, 2020-2024-cü illərdə 52 açıq səhmdar cəmiyyətinin səhmləri, 1.237 kiçik müəssisə, obyekt və icarəyə verilmiş qeyri-yaşayış sahəsi, 2.043 nəqliyyat vasitəsi, 961 müəssisə və obyektin yerləşdiyi dövlət torpaq sahəsi özəlləşdirilib. 12 dövlət müəssisə və əmlak kompleksinin özəlləşdirilməsi isə investisiya müsabiqəsi vasitəsilə həyata keçirilib.
Hesabat dövrü ərzində özəlləşdirmə nəticəsində dövlət büdcəsinə 514,4 milyon manat vəsait daxil olub. Həmçinin, son 5 ildə özəlləşdirilmiş müəssisələrə 56,7 milyon manat investisiya yatırılıb.
Tam gücü ilə fəaliyyət göstərməyən dövlət müəssisələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi
Fəaliyyətsiz və ya potensialından aşağı səviyyədə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi, həmin müəssisələrə investorların cəlbi istiqamətində də işlər görülüb. Belə ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin və "Aqrarkredit" QSC-nin tabeliyindəki müəssisələr, eləcə də Energetika Nazirliyinin alternativ enerji istehsalı obyektləri özəlləşdirilməyə açılıb. Həmçinin, ləğv edilmiş “Azərkontrakt” ASC-nin özəlləşdirilməsi məqsədəuyğun hesab olunan əmlakları müəyyən edilib.
Qeyd edək ki, özəlləşdirməyə açıq olan müəssisə və obyektlərdə ilkin addım kimi inventarizasiya və təşkilati restrukturizasiya tədbirləri həyata keçirilib, onların təşkilati-hüquqi formaları qanunvericiliyə uyğun olaraq dəyişdirilib, nizamnamə kapitalı mövcud bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla və müstəqil qiymətləndiricinin iştirakı ilə dəqiqləşdirilib.
2020-2024-cü illərdə uğurla özəlləşdirilmiş müəssisələr
Uğurla özəlləşdirilən istehsal müəssisələri sırasında "Azərtütün" və "Bakı Ayaqqabı Fabriki" ASC-ləri, "Şəki Şərab", "Qərb Tekstil", "Sumqayıt Tekstil", “Bakı Alüminium Profil”, “Balaxanı Metal Konstruksiyaları”, "Bakı Mərmər Qranit" və “Bakı Beton Konstruksiyaları” MMC-ləri yer tutur.