Bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə göstəricilər
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 108 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının özəlləşdirilməsi, hərracların təşkili sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 42 hərrac keçirilib. Hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 525 nəqliyyat vasitəsi satılıb. Bu ilin 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 391 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 48 onlayn qoşulma reallaşıb.
Yeni iş yerlərinin açılması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından iri dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hesabat dövrü ərzində investisiya müsabiqəsi vasitəsilə “Bakı Alüminium Profil” MMC, “Bakı Mərmər Qranit” MMC və “Gəncə Qənnadı” ASC özəlləşdirilib.
Cari ilin yanvar-sentyabr ayları üzrə özəlləşdirmədən dövlət büdcəsinə 108 milyon manat vəsait daxil olub, ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım qeydə alınıb.