Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 28,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. 2024-cü ilin 9 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 459 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 5,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahəsinə dair 2.571 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 23 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3.030 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 21% artıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 28,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8% artım qeydə alınıb.