Özəlləşdirmədə növbəti iştirak imkanı: 119 dövlət əmlakı hərraca çıxarıldı
Fərqli iqtisadi sahələr üzrə fəaliyyət imkanı yaradan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 12 kv.m və 11 min 266 kv.m arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları respublikanın müxtəlif regionlarında yerləşir. Ümumi faydalı sahəsi 573 kv.m-dək olan və İmişli rayonu üzrə özəlləşməyə çıxarılan obyektlərin ilkin hərrac qiyməti 31 min manata qədərdir. Rayonda yerləşən yun tədarükü və qəbulu idarəsi, mağaza və yeməkxanalar torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Neftçaladakı dövlət əmlaklarının isə ümumi faydalı sahəsi 304 kv.m-ə qədərdir. Kirayə təmir, maye qaz satışı sahələri, emalatxana və bərbərxana kimi müəssisələr üçün təyin olunan ilkin hərrac qiyməti 800 manat və 50 min manat arasındadır. Balakən və Şəkidəki əmlak, Oğuz rayonundakı anbar kompleksləri kiçik dövlət müəssisələri üzrə ən yüksək ümumi faydalı sahəyə malikdir. Paytaxt üzrə hərraca çıxarılan bazar filialı, qeyri-yaşayış binası, yanacaqdoldurma məntəqəsi və mağazaların ümumi faydalı sahəsi 45.6 kv.m və 408 kv.m arasındadır.
Xidmət və ofis fəaliyyəti ilə məşğul olmaq imkanları təklif edən qeyri-yaşayış sahələrindən 11-i paytaxtda, 4-ü Sumqayıtda, digərləri isə respublikanın müxtəlif şəhər və rayonlarındadır. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 5.8 kv.m ilə 162.9 kv.m arasındadır.
Səhmdar cəmiyyətlərinin isə 30% ilə 45% arasında olan səhm paketləri hərraca çıxarılıb. Sərmayəçilər “Salyan Broyler”, “Masazır Quşçuluq”, “Bərdə Tikinti Quraşdırma” və digər əmlakların dövlətə məxsus səhm paketlərinin özəlləşdirilməsində iştirak edə bilər. Avtomobil sahibi olmaq istəyən vətəndaşlar MAN LİON, DAEWOO, Nissan və VAZ markaları üzrə seçim edə bilər. Hərraca çıxarılan nəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-2009-cu illərdir.
Qeyd edək ki, özəlləşdirməyə çıxarılan dövlət əmlakları ilə tanış olmaq və hərracda iştirak etmək istəyən vətəndaşlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.