Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ucarda vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Növbəti belə qəbul fevral ayının 25-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmişdir. Ucar şəhərində keçirilən vətəndaş qəbulunda Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarından olan vətəndaşlar iştirak etmiş, onların müraciətlərinə baxılmış, təklif və xahişləri dinlənilmişdir.
Səsləndirilən müraciətlər daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, sosial və s. məsələlərlə bağlı olmuşdur.
Qəbula gələn hər bir vətəndaş müraciətinəkomitə sədri tərəfindən diqqətlə yanaşılmışdır. Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Bir sıra məsələlərin operativ həlli üçün komitə sədri tərəfindən uyğun göstərişlər verilmiş, qaldırılan müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapmışdır. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilmiş və araşdırılmalı müraciətlər qeydiyyata alınmışdır. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildirmişdir.
Komitə sədri tərəfindən vətəndaşların müraciətləri mütəmadi diqqət mərkəzində saxlanılır. Növbəti ay ərzində də respublika üzrə belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcək.