Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qobustanda vətəndaş qəbulu keçirib: elektron kadastr uçotu işlərindən artıq vətəndaşların da yararlandığı bildirilib
Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən komitə sədri bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tapşırıqlarını verib. Bəzi müraciətlər dərhal həll edilib. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində struktur bölmələrin rəhbərlərinə müvafiq göstərişlər verilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınıb.
Torpaqların dəqiq sərhədlərinin müəyyən edilməsi ilə bağlı vətəndaş müraciətlərini cavablandıran sədr dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkə üzrə aparılan Torpaqların Elektron Kadastr Uçotu işlərindən danışıb. Bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən reallaşmaqda olan torpaqların elektron kadastr işlərinin nəticələrindən artıq vətəndaşlar da yararlanır. Pilot layihə ilk olaraq Salyan rayonunun Parça Xələc kəndində baş tutub. Bununla 600-ə yaxın pay torpaqlarının hüquqi mülkiyyətçilərinə torpaq sahələrinin koordinatlarını, yerləşmə vəziyyətini, kadastr planını dəqiq əks etdirən bildirişlər paylanılıb. Belə işlər nəticəsində vətəndaşlar torpaqların dəqiq sərhədlərini müəyyən edə bilir, hüquqi sənədlə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq aradan qaldırılır. Komitə sədri qeyd edib ki, geniş mülkiyyətçi kütləsinin faydalanması üçün bu layihə digər rayonlarda da keçiriləcək.
Qeyd edilib ki, mütərəqqi texnologiyaların tətbiqi ilə torpaq istifadəsinə nəzarət peyk vasitəsilə aparılacaq. Belə ki, Peyk Nəzarət Sistemi qurulur. Bununla da torpaq inzibatçılığı və istifadəsinə nəzarət tədbirləri effektiv aparılacaq, səmərəlilik prinsipi təmin olunacaq.
Qəbul zamanı komitə sədri vətəndaşlara göstərilən bütün xidmətlərdə məmnunluğun, çevikliyin və şəffaflığın təminatı istiqamətində görülməli işlərlə bağlı komitənin ərazi idarələri və tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, hər bir vətəndaş müraciətləri operativ formada həll olunmalı, vətəndaş maraqları qanunvericiliyə uyğun olaraq tam təmin olunmalıdır.
Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.