Ucarda vətəndaş qəbulu keçirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Ucarda Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərini qəbul edib. Qəbulda 67 vətəndaş iştirak edib.
Qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, sərhədlərinin dəqiqləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, mülkiyyətçilərə onlara məxsus torpaqların naturada (yerində) tanıdılması, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına və dürüstləşdirilmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qəbul zamanı qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlərin mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, qanunvericiliyin tələbləri izah olunub.