AzPOS-la bir neçə saniyədə dəqiq koordinat əldə etmək mümkündür
Müasir dövrdə elm və texnoloji yeniliklər geodeziya sahəsində də əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bu sahədə tətbiq edilən “Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları” (Continuously Operating Reference Station-ing) sistemi peyk siqnallarını qəbul edərək koordinatları santimetr dəqiqliklə ölçür.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti geodeziya sahəsində yeni yanaşmalardan, beynəlxalq təcrübələrdə tətbiq edilən ən son nailiyyətlərdən istifadə edir. Belə ki, Xidmət yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən istinad stansiyası olan AzPOS (Azerbaijan Positioning Observation System-ing) informasiya sistemini kadastr-ölçü işlərində tətbiq edir.
2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 8 stansiya quraşdırılaraq idarəetmə mərkəzinə qoşulub. Beləliklə, hazırda 45 stansiya ölkə ərazisində fasiləsiz fəaliyyət göstərməkdədir və bu stansiyalar vahid sistem olaraq bir mərkəzdən idarə edilir. Stansiyaların istifadə radiusu 30 km, əlaqə məsafəsi 70 km-ə qədərdir. Xəritələrin tərtibi və kadastr işləri, mühəndis-geodeziya ölçmələri, yeraltı kommunikasiya, planaalma və bu sahədə digər işlər sistemin köməkliyi ilə daha tez və az xərclə həyata keçirilir.
Sistem vasitəsilə çöl-ölçmə işləri aparmaq istəyən şirkətlərə, avtomobil və dəmir yolları, su və kanalizasiya, neft-qaz kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlara kadastr xidmətləri göstərilir. Binaların tikintisi zamanı dəqiq koordinatların verilməsi üçün, faydalı qazıntıların çıxarılması zamanı, xətti obyektlərin, su anbarlarının, eləcə də seysmik dəyişikliklərə məruz qalan ərazilərin hərəkətinin monitorinqlərində də sistemdən istifadə etmək mümkündür. Bundan başqa, aqrotexniki vasitələrə quraşdırılan monitorlara AzPOS vasitəsilə ötürülən informasiya ilə məhsul yığımı, bitkilərin becərilməsi və bir sıra digər proseslər daha sistemli və səmərəli olur.
AzPOS xidmətlərindən istifadə edərək ölkə daxilində görülən bütün ölçmə işləri eyni sistemdə və formatda yerinə yetirilir. Artıq növbəti ildə AzPOS xidmətləri Naxçıvan Muxtar Respublikası ərazisində də təmin ediləcəkdir. Belə ki, 4 ədəd stansiyanın yerləri təyin edilib (Naxçıvan, Şərur, Şahbuz, Ordubad) və layihə üzrə işlərə başlanılıb.
Qeyd edək ki, AzPOS sisteminə qoşulmaq istəyən hüquqi və fiziki şəxslər (012) 562 82 70, 050 229 25 23 əlaqə nömrələrinə və azpos@emlak.gov.az elektron poçt ünvanına rəsmi şəkildə müraciət edə bilərlər.