Bu ilin birinci yarımilliyi ərzində dövlət əmlakının icarəsi üzrə göstəricilər
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 17,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində işlər davam etdirilib. 2024-cü ilin birinci yarımilliyi ərzində qeyri-yaşayış sahəsinə dair 308 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Eyni zamanda, cari ilin yanvar-iyun aylarında 1518 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 14,5 milyon manat məbləğində vəsait ödənilib.
Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin birinci yarımilliyi ərzində 1826 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqaviləsinin sayı 4,88% artıb.
Cari ilin yanvar-iyun ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 17,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,25% artım qeydə alınıb.