12 fevral hərracı yeni ünvanda - Əmlak Xidmətləri Məkanında
Komitənin yeni ünvanda təşkil etdiyi ilk hərrac 12 fevral tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 125 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 24-ü qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 12-si isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m arasındadır. Mehmanxana, sanatoriya, mağaza, restoran və digər sahələrə aid olan dövlət obyektlərinin çoxu torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Gəncədə yerləşən yeməkxananın ümumi faydalı sahəsi 536,7 kv.m-dir. Totanlı küçəsindəki bu dövlət əmlakı 7323 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. İnvestor 7 min 500 manat beh ödəyərək xidmət sahəsində gəlirli fəaliyyətə imkan verən obyektin sifarişçisinə çevrilə bilər.
Sərmayəçilərə maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12,5 kv.m ilə 267,6 kv.m intervalındadır. Dövlət əmlaklarından 13-ü paytaxtda, 6-sı Sumqayıtda, digərləri isə Gəncə, Tərtər, Daşkəsən və Sabirabadda yerləşir. Biznes fəaliyyətinə başlamaq istəyənlər bu kateqoriyadan olan dövlət əmlaklarını ofis və xidmət obyekti kimi istifadə edə bilər. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsindədir.
Təmir-tikinti, sənaye, kəndkimya, nəqliyyat, məişət və digər sahələr üzrə səhmdar cəmiyyətlərinin səhm paketləri də budəfəki hərraca çıxarılıb. Bu dövlət əmlaklarına “Bərdə Kəndkimya”, “Tərtər Nəqliyyat”, “Lənkəran Mebel ” kimi səhmdar cəmiyyətləri aiddir. Belə müəssisələr respublikanın müxtəlif regionlarında yerləşir. Hərraca çıxarılan səhm paketləri səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Avtomobil almaq istəyənlərə geniş seçim imkanı təklif edən nəqliyyat vasitələri isə QAZ, Volkswagen, BMW, FIAT və digər markalara aiddir. Bu nəqliyyat vasitələrinin istehsal tarixləri 2005-2008-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiymətləri 2 min manat ilə 5 min 200 manat arasındadır.
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac prosesinə qoşulmaq üçün Özəlləşdirmə portalı (privatization.az) və komitənin rəsmi saytına (emdk.gov.az) daxil olmaq kifayətdir. İştirak etmək istəyənlər elektron formada qeydiyyatdan keçməklə ilkin hərrac qiymətinin 10%-i həcmində beh ödəyib sifarişçiyə çevrilə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.