2014-cü ildə etik davranış qaydaları ilə bağlı müntəzəm tədbirlər həyata keçirilmişdir
Təşkil edilmiş seminar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları və bu prinsiplərə əməl olunması üzrə məsələlər əhatə edilməklə keçirilmişdir. Eyni zamanda vətəndaşlarla nəzakətli, səbirli və məsuliyyətli davranılmasına riayət edilməsinin zəruriliyi barədə ətraflı məlumat verilmiş və seminar iştirakçıları ilə bu istiqamətdə müzakirələr aparılmışdır.Keçirilmiş seminarda 70 nəfər iştirak etmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələrində işləyən dövlət qulluqçularının xidməti davranışlarının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarətin təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə komitənin aidiyyəti struktur bölməsinin əməkdaşları və yaradılmış işçi qrupları tərəfindən zəruri nəzarət tədbirləri həyata keçirilmişdir. Bununla yanaşı, komitədə çalışan dövlət qulluqçuları üçün 12.04.2014-cü il tarixində “Dövlət qulluqçularının etik davranış qaydaları”, 05.12.2014-cü il tarixində isə “İnformasiya azadlığının təmin edilməsi” mövzusunda təlim seminarları keçirilmişdir. Seminarlarda komitənin Aparatının və bütün ərazi şöbələrinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparatının, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əməkdaşlarının iştirakı təmin edilmişdir.
Dövlət qulluqçularının etik davranış məsələləri üzrə maarifləndirmə işinin davam etdirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş etik normaları üzrə gələcəkdə mütəmadi tədris kurslarının və treninqlərinin təşkil edilməsi, habelə hazırlanmış müvafiq hesabatların ictimaiyyətə açıqlanması təmin ediləcəkdir.