Bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin ilk 5 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 74,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-may ayları ərzində 23 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 313 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-may ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 294 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 36 onlayn qoşulma reallaşıb.
Cari ilin ilk 5 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 59,2 milyon manat təşkil edib, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% artım qeydə alınıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may ayları ərzində 362-si qeyri-yaşayış, 1.157-si torpaq sahəsi üzrə olmaqla 1.519 yeni icarə müqaviləsi bağlanılıb. Dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artım qeydə alınıb.
Beləliklə, 2024-cü ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 74,4 milyon manat vəsait daxil olub.