Əmlak Məsələləri Dövlət Komitəsinin “kütləvi çıxarış” kampaniyası Abşeron və Cəlilabadda
Xatırladaq ki, kampaniya çərçivəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir. Bu kampaniya ilk olaraq noyabr ayında Saatlı və Şəmkir rayonlarında keçirilib.
Qeyd edək ki, kampaniya müddətində dövlət reyestrindən çıxarışlar vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunub. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək və vaxta qənaət etməkdir. Eyni zamanda, bildirək ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də həyata keçirilir. Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edən bu kampaniyanı respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdirəcək. Belə ki, bu ay kampaniya növbəti dəfə Qəbələ rayonunda keçiriləcək.
Bu kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırır, nəticədə daşınmaz əmlak bazarının inkişafı sürətlənir. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verir.
Kampaniyanın davamlı həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artması və vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edir.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində son illərdə bir sıra mühüm nailiyyətlərə imza atıb. Belə ki, qeydiyyat prosedurları sadələşdirilib, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı müddətlər qısaldılıb. Elektron və onlayn xidmətlər istifadəyə verilib. Müasir ərazi qeydiyyat idarələri, tam əlverişli və yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Elektronlaşdırma və sadələşdirmə tədbirləri qeydiyyat sahəsində şəffaflığın və operativliyin daha da yüksəlməsini təmin edib.
Bütün bu tədbirlərin nəticəsidir ki, son illərdə daşınmaz əmlakla əməliyyatların kəskin artımı müşahidə olunur. Bunun əsas səbəbi ölkədəki iqtisadi aktivliklə yanaşı, daşınmaz əmlakların biznes proseslərinə getdikcə daha aktiv cəlb olunmasıdır. Eyni zamanda, komitə ictimaiyyət arasında geniş maarifləndirmə tədbirləri də həyata keçirir. Bu da, ölkə vətəndaşlarının daşınmaz əmlakın qeydiyyatının əhəmiyyətini hiss etməsinə, sosial-iqtisadi faydalarını dərk etməsinə səbəb olub. Nəticədə isə, daşınmaz əmlakın qeydiyyat sayı ilbəil yüksəlir və hər ilin sonunda yeni rekord saylar qeydə alınır. Bu ilin sonunda isə daşınmaz əmlakın qeydiyyatı tarixində növbəti rekord proqnozlaşdırılır.