Bu ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin ilk 4 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 47,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-aprel ayları ərzində 18 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 233 nəqliyyat vasitəsi satılıb. Bu ilin yanvar-aprel ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 193 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 21 onlayn qoşulma reallaşıb.
Cari ilin ilk 4 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 35 milyon manat təşkil edib, büdcə proqnozunun icrası 116,9 faiz təmin olunub.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 301-i qeyri-yaşayış, 735-i isə torpaq sahəsi üzrə olmaqla 1036 yeni icarə müqaviləsi bağlanılıb.
2024-cü ilin ilk 4 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 12,4 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artım qeydə alınıb.
Beləliklə, 2024-cü ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 47,4 milyon manat vəsait daxil olub.