Torpaq sahəsinin hüquqi əsas olmadan özbaşına tutulması hansı məsuliyyətə səbəb olur?
Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsinin digər üsullarla özbaşına tutulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaradır və Məcəllənin 188.1-ci maddəsində bu cür hallara görə səkkiz min manatdan on min manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən, həmin əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - təqsirkar şəxs (şəxslər) üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yuxarıda göstərilən əməllər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - təqsirkarı beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Torpaqlardan səmərəli və təyinatı üzrə istifadə edilməlidir. Qanunvericiliyə əməl etmək isə hamımızın borcudur.