Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün Avropa ölkələrinin təcrübəsindən geniş yararlanır
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin torpaqlardan səmərəli istifadəyə nəzarət, təyinatına zidd istifadə və tamamilə istifadəsiz saxlanması hallarına qarşı mübarizə sahəsində verdiyi tapşırıqların icrası məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq reydləri və monitorinqləri aparılır. Bu nəzarət tədbirlərinin əsas vəzifəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadə, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsinin bərpasıdır. Habelə, hektarlarla torpaq sahələrinin mülkiyyətçilər tərəfindən istifadəsiz saxlanması, hüquqi sənəddə göstərilən torpaq ölçüsündən artıq torpaqların özbaşına zəbti hallarına qarşı tədbirlərin görülməsidir.
Aparılan monitorinq və reydlər nəticəsində torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, kateqoriyasının özbaşına dəyişdirilməsi faktları üzə çıxarılır. Məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə götürülüb, lakin istifadə edilmir və boş saxlanılır. Bu isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin məhsuldarlığını aşağı salır. Həyata keçirilən monitorinqlər də məhz uzun müddət iqtisadi dövriyyədən kənarda qalmış torpaqların yenidən istifadəyə cəlb edilməsinə yönəlib.
Komitə kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müxtəlif ölkələrin təcrübəsindən istifadə etməkdədir. Bu sahədə nəzarət tədbirləri beynəlxalq prinsiplərə uyğun olaraq effektiv aparılır. Həyata keçiriləcək qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması kənd təsərrüfatı təyinatlı torpaqların daha səmərəli istifadə edilməsinə imkan verəcək, nəzarət tədbirləri daha təkmil olacaq.
Tədbirin əhəmiyyətinə toxunan avropalı ekspertlər isə bildiriblər ki, qarşılıqlı əməkdaşlıq torpaq fondunda istifadəsiz saxlanılan kənd təsərrüfatı təyinatlı ərazilərin həcminin azalmasına, nəzarət tədbirlərinin daha intensiv metodlarla, avtomatlaşdırılmış mexanizmlərlə aparılmasına imkan verəcək.
Kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaqla yanaşı, onların özəlləşdirilməsi, konsolidasiyası, texnogen çirklənmədən sonra korlanmış torpaqların yenidən bərpası kimi aktual məsələlər ətrafında müzakirələr aparılıb, təqdimatlar olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar avropalı ekspertlər tərəfindən cavablandırılıb. Qeyd olunmalıdır ki, bu kimi tədbirlərin təşkili gələcək illərdə də davam etdiriləcək.