İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdə Mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə ilk görüşünü keçirib.
İqtisadiyyat naziri qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edən nazir qaliblərin fərdi inkişaf planlarının müəyyənləşdirilməsi, idarəçilik səriştələrinin artırılması üzrə perspektiv fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib.
F.İsayev və Ə.Qurbanzadə iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraq göstərdiklərini bildirib, Mentorluq proqramının bu sahədə təcrübənin əldə edilməsində faydalı olacağını qeyd ediblər.
“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində yaradılmış imkanlara görə təşəkkürlərini bildiriblər.