Bütün lazımi avadanlıqlarla təmin olunmuş mobil ofislərdə Liman şəhəri və Şirin Su kəndindən olan 100-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərildi. 60-a yaxın sakinə birbaşa yaşadıqları yerlərdə torpaq sahələrinə dair hazır çıxarışlar, torpaq sahəsinin planı və ölçü sənədləri təqdim olundu. Səyyar ofisdə qeydiyyat xidmətləri ilə bərabər, hüquqi xidmətlər də göstərildi. Sakinlərin daşınmaz əmlakla bağlı bütün sualları cavablandırıldı, qanunvericiliyə uyğun olaraq onlara hüquqi məsləhətlər verildi. Torpaq sahəsi, fərdi yaşayış evi və mənzil kimi daşınmaz əmlakları qeydiyyata almaq istəyən 40-a yaxın vətəndaşa qeydiyyat prosesi izah olundu, çıxarışla əvəz olunması üçün ilkin sənədlər qəbul edildi. Müasir texniki avadanlıqlar vasitəsilə qeydiyyata alınacaq əmlakların müayinəsi, çöl-ölçmə işləri, texniki plan-ölçüləri mütəxəssislər tərəfindən dəqiqləşdirildi.

 “Kütləvi çıxarış” kampaniyası vətəndaşların mülkiyyət hüquqlarını rahatlıqla  həyata keçirməsinə şərait yaradır. Ünvanlarda göstərilən xidmətlə tanış olan digər sakinlər də daşınmaz əmlakdan daha etibarlı formada istifadə etmək üçün qeydiyyat prosesinə qoşulmağa həvəslənir. Bundan başqa, bu formada aparılan sürətli qeydiyyat prosesi ölkədə leqal daşınmaz əmlakların sayını artırır. Qeydiyyata alınmış daşınmaz əmlak isə təhlükəsiz formada iqtisadi əməliyyatlara cəlb olunur.