Cari ilin torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş son zona müşavirəsi Şamaxıda keçirilib
Şamaxı, Ağsu və Qobustan rayonları üzrə 332073 hektar torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Aparılan kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması ilə bağlı maarifləndirici tədbirlərini davam etdirir. Bu cür tədbirlərdən olan, torpaq və əmlak idarəçiliyinə həsr edilən növbəti zona müşavirəsi Şamaxıda keçirilib. Zona müşavirəsində Şamaxı, Ağsu və Qobustan rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin təmsilçiləri iştirak ediblər.
Tədbirdən əvvəl Əmlak Məsələləri Dövlət Xidmətinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Şamaxı, Ağsu və Qobustan rayonlarının bələdiyyələri tərəfindən qaldırılmış məsələləri yerində araşdıraraq onların həlli istiqamətində təklif və tövsiyələrini verib, qanunvericiliyin tələblərini diqqətə çatdırıblar.
Ötən il və bu ilin yanvar-noyabr ayları ərzində qeyd olunan rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və ya zəbt edilir. Ümumilikdə, 2022-ci il və 2023-cü ilin 11 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd edilən rayonlarda monitorinqləri zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 194 fakt aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 106 inzibati protokol tərtib olunub.
Zona müşavirəsində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili, bu sahədə nöqsanların aradan qaldırılması istiqamətində görülən tədbirlərdən danışıb, torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin önəmini vurğulayıb.
Tədbirdə dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, Şamaxı, Ağsu və Qobustan rayonları üzrə ümumilikdə 332073 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib, bu şəhər və rayonlar üzrə 75 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Zona müşavirəsində Şamaxı şəhəri üzrə torpaqların elektron kadastr uçotu işlərin nəticələri nümayiş olunub.
Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində ciddi tədbirlərin görülməsinin, bu sahədə aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Şəhər və rayon icra hakimiyyəti, eləcə də digər dövlət orqanlarının nümayəndələri, bələdiyyə sədrləri çıxış edərək torpaq və əmlak idarəçiliyi sahəsində qarşılaşdıqları məsələlərdən bəhs ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.