Gəncə, Daşkəsən, Göygöl və Samuxda aparılan kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib
Torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi, bu sahədə nöqsanların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlər, aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. Bu məsələlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə keçirilən zona müşavirəsində geniş müzakirə olunub.
Zona müşavirəsində Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Əmlak Məsələləri Dövlət Xidmətinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Gəncə, Daşkəsən, Göygöl və Samux rayonlarının bələdiyyələri tərəfindən qaldırılmış məsələləri yerində araşdıraraq, onların həlli istiqamətində təklif və tövsiyələrini verib, qanunvericiliyin tələblərini diqqətə çatdırıblar.
Müşavirədə çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov bildirib ki, sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq ölkədə iqtisadi potensialın əsas elementlərindən olan torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin düzgün tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonları üzrə ümumilikdə 151479 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib, bu şəhər və rayonlar üzrə 71 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq Milli Məclisə təqdim edilib.
Zona müşavirəsində Gəncə şəhəri üzrə torpaqların elektron kadastr uçotu işlərin nəticələri nümayiş olunub.
Ötən il və bu ilin yanvar-oktyabr ayları ərzində qeyd olunan rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və ya zəbt edilir. Ümumilikdə, 2022-ci il və 2023-cü ilin 10 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd edilən rayonlarda monitorinqlər zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 371 fakt aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 146 inzibati protokol tərtib edilib.
Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, ciddi tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.
Çıxış edən şəhər və rayon icra hakimiyyəti, eləcə də digər dövlət orqanlarının nümayəndələri, bələdiyyə sədrləri torpaq və əmlak idarəçiliyi sahəsində qarşılaşdıqları məsələlərdən bəhs ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.