Bakı Mərmər Qranit” MMC, həmçinin uşaq bezi və salfet kağızı istehsalı üzrə əmlak kompleksinin özəlləşdirilməsi istiqamətində işlərə başlanılıb. İctimaiyyətin və investorların məlumatlandırılması məqsədilə MMC-yə və əmlak kompleksinə mediatur təşkil edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə noyabrın 30-da Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Bakı Mərmər Qranit” MMC və uşaq bezi və salfet kağızı istehsalı üzrə müəssisəyə mediatur təşkil olunub. Tədbirin məqsədi ictimaiyyətin müəssisələr haqqında məlumatlandırılması, özəlləşdirmə prosesinə potensial investorların cəlb edilməsidir.

Qeyd edək ki, müəssisələr Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il və 30 dekabr 2022-ci il tarixli sərəncamları ilə özəlləşməyə açılıb.

İlk olaraq “Bakı Mərmər Qranit” MMC-də olan KİV nümayəndələrinə müəssisənin tarixi, infrastrukturu və istehsal prosesi barədə məlumat verilib. Bildirilib ki, Sərəncamın icrası ilə əlaqədar müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində müvafiq işlər görülüb, özəlləşdirmə komissiyası yaradılıb, inventarlaşdırma aparılıb, müstəqil qiymətləndirici şirkətin iştirakı ilə nizamnamə kapitalı müəyyən olunub, yeni hüquqi şəxs - “Bakı Mərmər Qranit” MMC təsis edilib. Müəssisənin nizamnamə kapitalı 17.059.000 manat olmaqla, hər biri 100 manat olan 170.590 paydan ibarətdir.

Müəssisə 6,18 ha ərazidə yerləşir. Əsas istehsal sahələri mərmər və qranitin kəsilməsi, cilalanması və digər emal proseslərini həyata keçirən mərmər, qranit, penobeton, aqlay daş və daha bir neçə sexdən ibarətdir. Layihə üzrə illik istehsal gücü 300.000 kv.m təşkil edir.

Müəssisədə əsasən Türkiyədən alınmış avandanlıqlar quraşdırılıb. Eyni zamanda, müəssisədə Çin, İtaliya, Almaniya və Rusiya istehsalı olan dəzgahlar da mövcuddur.

Hazırda müəssisənin özəlləşdirməqabağı sağlamlaşdırılması və potensial investorlar üçün cəlbediciliyinin artırılması istiqamətində tədbirlər həyata keçirilir.

Sonra KİV nümayəndələri uşaq bezi və salfet kağızı istehsalı müəssisəsində olublar. Media nümayəndələrinə məlumat verilib ki, müəssisənin ərazisi 11 hektardır.

Kompleksdə quraşdırılmış avadanlıqlar İtaliya və Almaniya istehsalıdır. Uşaq bezi avadanlığının istehsal gücü 1 dəqiqədə 500-dək bez, tualet kağızı istehsalı avadanlığının istehsal gücü ay ərzində 15 milyon rulon, mətbəx kağızı avadanlığının istehsal gücü 10 milyon rulon təşkil edir. Salfet avadanlığı isə ay ərzində 32-35 milyon vərəq salfet istehsal etmək gücünə malikdir. 

Hazırda kompleksdə uşaq bezi və salfet istehsalı sahələri fəaliyyət göstərir.

Qeyd edək ki, hər 2 müəssisənin yenidənqurulması və inkişafı üçün investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi planlaşdırılır və bu barədə elan qanunvericiliyə uyğun olaraq azı 30 gün əvvəlcədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.