Dövlət əmlaklarının özəlləşdirilməsində yaradılan fürsətlərdən vətəndaşlar növbəti dəfə 13 noyabrda keçirilən hərracda istifadə etdilər. Hərraca çıxarılan əmlaklardan 10-u üzrə 49 sifariş verilmişdir. Əmlak və sifariş sayı arasında olan böyük fərq hərracda yüksək rəqabətin olduğunu göstərir. Özəlləşməyə çıxarılan dövlət əmlaklarından 3 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili, 6 nəqliyyat vasitəsi öz sahibini tapdı. Nəqliyyat vasitələrindən 5-i üzrə ümumilikdə 44 sifarişin verilməsi hərracda rəqabətli mühit yaratdı. Sifarişçilərin fəallığı VAZ markalı bu nəqliyyat vasitələrinin ilkin hərrac qiymətlərinin 2 dəfədən çox yüksəlməsinə səbəb oldu.

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Əmlak kompleksinin ümumi faydalı sahəsi 1169 kv.m-dir. Bu kiçik dövlət müəssisəsi 2480 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi. Hərracda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən mağaza da özəlləşdirildi. Ümumi faydalı sahəsi 88.5 kv.m olan bu dövlət əmlakı xidmət sahəsi üzrə sahibi üçün gəlirli ola bilər. Tovuz rayonu, Dönük Qırıqlı kəndindəki 10 saylı təsərrüfatlararası təmir səyyar mexaniki dəstənin isə ümumi faydalı sahəsi 1009.9 kv.m-dir.                     

Qeyd edək ki, cari il ərzində komitə tərəfindən ümumilikdə 195-ə yaxın hərrac keçirilib. Elektron hərrac sisteminin üstünlükləri və dövlət əmlakları üzrə geniş çeşid vətəndaşların prosesə olan marağını və fəallığını artırıb. Bunun nəticəsində özəlləşdirilən 550-ə yaxın dövlət əmlakından 55-i rəqabətli mühitdə öz sahibini tapıb. Bu günə qədər 95-ə yaxın vətəndaş hərraca çıxarılan dövlət əmlakları üzrə elektron formada sifariş vermiş, 20-ə yaxını isə onlayn formada hərracda iştirak etmişdir.

Müasir hərracın yaratdığı şəraitdə dövlət əmlaklarını özəlləşdirmək istəyən şəxslər prosesə komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə qoşula bilər. Seçim və sifariş prosedurlarının sadəliyi, elektron mühitdə təklif olunan iştirak imkanları ilə hər kəsin hərraclarda iştiraki təmin olunur.