Növbəti hərracda 22 nəqliyyat vasitəsi satılıb
Sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Nəqliyyat vasitələrinin birinə edilən ən son təklif isə start qiymətindən 4 dəfədən də çox olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 28-də keçirilən növbəti hərracda 22 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 145 sifariş qəbul edilib.
Hərrac rəqabətli olub. Belə ki, “Hyundai County” markalı avtobusun start qiyməti 7.500 manat olsa da, ən son təklif 31.000 manata yüksəlib. İlkin qiyməti 7.500 manat olan eyni markalı digər avtobus isə 27.500 manata özəlləşdirilib.
28 noyabr hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 234.435 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://bit.ly/49PZFrM linki vasitəsilə tanış olmaq olar.