Bu ilin yanvar-oktyabr ayları ərzində 406.180 çıxarış verilib
2023-cü ilin 10 ayında mülkiyyət hüququ qeydiyyata alınan daşınmaz əmlakların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,1% çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur. Belə ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində 406.180 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,1% çoxdur. 2023-cü ilin 10 ayı üzrə göstəricinin 63.516-sı (16%) ilkin, 342.664-ü (84%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası
2023-cü ilin yanvar-oktyabr ayları ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 45.141-i fərdi yaşayış və bağ evi, 79.589-u mənzil, 271.939-u torpaq sahəsi, 2.660-ı qeyri-yaşayış binası, 6.163-ü qeyri-yaşayış sahəsi, 601-i əmlak kompleksi, 87-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 83.904-ü Bakının, qalanı isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-oktyabr ayları ərzində 325.170 texniki pasport tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,7% çoxdur. 2023-cü ilin 10 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,9% artaraq 67.853 təşkil edib.