15 dekabrda keçiriləcək hərraca 14 qum-çınqıl, 3 gil, 2 əhəngdaşı, 1 gips və 1 kvars qumu yatağı çıxarılacaq.  
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 15-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Hərracda investorlara Balakəndə yerləşən “Katexçay” (9 ha), “Balakənçay II” (10 ha), “Paşan” (13 ha), “Balakən” (2,5 ha), Şamaxıda “Yuxarı Pirsaatçay” (49,5 ha), Oğuzda “Muxas-Daşağılçay” (15 ha), Şəkidə “Şəki” (10 ha), Qubada “Qudyalçay” (11,5 ha), “Səbətlər” (10 ha), Abşeronda “Umbaki” (1,36 ha), “Güzdək” (1 ha), Yevlaxda “Gülövşə” (20 ha), Siyəzən “Gilgilçayın cənub-qərb cinahı”, (4 ha), Tovuzda “Aşağı Zəyəmçay” (3,77), Füzulidə “Dövlətyarlı” (3 ha), İsmayıllıda “Təzəkənd” (10 ha), “Ağbulaq” (6 ha), “Göyçay I” (10 ha), Qəbələdə “Türyançay III” (3 ha), Goranboyda “Yuxarı Ağcakənd” (6,9 ha), Şabranda “Baş Əmirxanlı” (0,68 ha) faydalı qazıntı yataqları təklif olunacaq.

İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 7 dekabr 2023-cü il, saat 18:00-dək “Bakı KOB evi”nə (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/36JvFX) və “Özəlləşdirmə portalı”nda (https://clck.ru/36JvH9 ) tanış olmaq olar.