Bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə göstəricilər
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 95,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ildə də dövlət əmlakının özəlləşdirilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.
Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 43 hərrac keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 382 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 206 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 10,4 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 221 iş yeri yaradılıb.
Cari ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 95,5 milyon manat təşkil edib. Özəlləşdirilmədən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çox olub.