İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfər edib
Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığının perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri müzakirə edilib.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Qəbulda dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişaf etdiyi vurğulanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Görüşdə vurğulanıb ki, Türkmənistanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin önəmli rolu var. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi fonunda iqtisadi-ticarət əlaqələri də genişlənir. Bildirilib ki, ölkələrimizin ortaq fəaliyyəti və iqtisadi sahədə tərəfdaşlığı regionun inkişafına töhfə verir.
Görüşdə iki ölkə arasında energetika, nəqliyyat, investisiya, ticarət, kənd təsərrüfatı, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı imkanları diqqətə çatdırılıb.
Türkmənistana səfər çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayevlə görüşüb. SOCAR-ın nümayəndələrinin də iştirak etdiyi görüşdə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi, potensial layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri Batır Atdayev arasında keçirilən görüşdə ikitərəfli ticarət dövriyyəsinin artırılması, Komissiyanın növbəti iclasının keçirilməsi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.
Türkmənistana səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və bu ölkənin Nazirlər Kabineti sədrinin müavini Batır Amanov iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivləri, birgə layihələrin reallaşdırılması potensialını nəzərdən keçiriblər. SOCAR-ın nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan və Türkmənistan arasında energetika sahəsində imzalanan sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə olduğu vurğulanıb.