30 oktyabr hərracında rəqabət: 4-ü elektron olmaqla 26 sifariş verildi
Komitənin təşkil etdiyi budəfəki hərracda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən 5-i paytaxtda, 3-ü isə digər rayon və şəhərlərdə yerləşir. Bakıdakı bu növ dövlət əmlaklarından 1-i Qaradağda avtoqaraj, digərləri isə Suraxanı, Sabunçu və Xəzər rayonlarındakı mağazalardır. Nardaran qəsəbəsində yerləşən mağazanın yerləşdiyi ərazi və mövcud torpaq sahəsi ilə birgə özəlləşdirilməsi sahibkarlıq sahəsində geniş imkanlar yaradır. Adıçəkilən dövlət obyektinin ümumi faydalı sahəsi 283.4 kv.m-dir. Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatının isə ümumi faydalı sahəsi 4386.8 kv.m-dir. “Cəlilabad Buzxana Sallaqxana” Məhdud Məsuliyyətli Cəmiyyəti, Yevlax Təmir-Tikinti Sahəsinin Köməkçi sahəsi də bölgələr üzrə keçirilən hərraclarda özəlləşdirilən dövlət əmlaklarıdır. Özəlləşdirilən qeyri-yaşayış sahələri isə Bakı və Sumqayıtda yerləşir. Səbail rayonu, Badamdar qəsəbəsindəki dövlət obyektinin ümumi faydalı sahəsi 41.5 kv.m-dir. Xidmət və ofis kimi istifadəyə imkan verən digər bir obyekt Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşir. Bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 60.8 kv.m-dir.
Vətəndaşların hərraclarda avtomobillərə sahib olmaq həvəsi özəlləşdirilən 7 nəqliyyat vasitəsindən 3-nün hərracını rəqabətli edib. Buraxılış ili 2009 olan Toyota Camry markalı avtomobillərdən birinin ilkin hərrac qiyməti 15 min manat, digərinin isə 13 min manat təyin olunmuşdur. Sifarişçilər arasında mübarizə son satış qiymətini müvafiq olaraq 17 min 500 və 17 min 300 manata qədər yüksəltdi. 2005-ci il istehsalı olan QAZ- 31105 markalı avtomobilin hərracında yaranan rəqabət isə yekun hərrac qiymətini 2 dəfə artırdı. İlkin hərrac qiyməti 1500 manat olan bu dövlət əmlakına prosesin qalibi 3 min manat təklif etdi.
Keçirilən hərracın nəticələri ilə tanış olmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.