Azərbaycanın biznes və investisiya imkanları Çində nümayiş olunub
Azərbaycanın Çinlə enerji, ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat-tranzit, İKT, turizm və digər sahələr üzrə tərəfdaşlıq imkanları dəyərləndirilib.
Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi konfransı” keçirilib.
Konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin innovasiyayönümlü investisiya imkanlarının Azərbaycan üçün önəmini qeyd edib. Bildirilib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi xarici investorlar üçün əlverişli mühiti təmin edib. Şərqlə Qərbin kəsişməsində strateji mövqeyə malik Azərbaycan çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malikdir. İqtisadiyyat naziri ölkəmizin nəqliyyat, enerji və digər sahələrdə xidmətlər vasitəsilə regional tərəfdaşlığın gücləndirilməsinə böyük stimul verdiyini diqqətə çatdırıb. Bu baxımdan, Azərbaycanda həyata keçirilən layihələr, Ələt Azad İqtisadi Zonasının imkanları xüsusi əhəmiyyətə malikdir.
Nazir işgaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası prosesində innovasiyaların və ağıllı texnologiyaların tətbiqinə əsaslanan birgə layihələrin icrası imkanlarını qeyd edib.
Tədbirdə Çinin kommersiya naziri Van Ventao ölkəsinin investisiya imkanları, xidmət sənayesi, həmçinin bu sahələrdə əməkdaşlıq potensialı barədə məlumat verib.
Konfransda Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin dövlət naziri Dominik Conson, Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktorunun müavini Doroti Tembo və digər rəsmi şəxslər çıxış ediblər, tədbir sessiyalarla davam edib, müzakirələr aparılıb.
Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya naziri Van Ventao ilə Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı perspektivlərini nəzərdən keçiriblər.
Çində səfərdə olan Azərbaycan nümayəndə heyəti CIFTIS sərgisində “Invest in Azerbaijan” vahid ölkə stendi ilə tanış olub. Azərbaycan Pekində keçirilən sərgidə vahid ölkə stendi ilə beşinci dəfə iştirak edir.
İKT, maliyyə, mədəniyyət və turizm, təhsil, idman, təchizat zənciri və biznes, layihə məsləhətçiliyi və tikinti, səhiyyə və ətraf mühit xidmətləri mövzu bölmələrindən ibarət olan budəfəki sərgidə yer alan “Invest in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın investisiya potensialı ilə yanaşı, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları da nümayiş etdirilir. Stenddə sərgi iştirakçılarına İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ələt Azad İqtisadi Zonası, Azərbaycan İnvestisiya Şirkəti və Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti, biznesə göstərilən dəstək və xidmətlər, xarici investorlarla potensial əməkdaşlığa dair geniş məlumatlar təqdim olunur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuanla görüşüb. Görüşdə qarşılıqlı səfərlərin iqtisadi potensialımızın reallaşdırılmasında önəmi vurğulanıb, ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsi məsələlərinə diqqət yetirilib.
Pekində Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib. Tədbirdə iş adamları və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin möhkəm və davamlı əlaqələri simvolizə edən platforma olduğunu, iqtisadi artım, ticarətin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə inkişafı iqtisadi-ticarət əlaqələrinin də inkişafına geniş imkanlar açır. İki ölkə arasında müvafiq olaraq sərmayələrin təşviqi və qorunması və ikiqat vergitutmanın qarşısının alınması üzrə iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edir.
Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurulub. Azərbaycan Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.
İqtisadiyyat naziri Azərbaycanda iqtisadi islahatlar və artım barədə də məlumat verib. Qeyd olunub ki, bu illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Ötən il Azərbaycanda real ÜDM 4,6% artıb. Ölkəmizdə tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətə çatdırılıb. Azad edilmiş ərazilərimizdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyən edilməsi və sadələşdirilmiş iş prosedurlarını əhatə edən əlverişli şərtlər barədə məlumat verilib, Çin şirkətləri həmin ərazilərimizdəki layihələrdə fəal iştiraka dəvət edilib.
Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Qao Yuanyuan ölkələrimizin işgüzar dairələrinin tərəfdaşlığı genişləndirməsi üçün yaxşı perspektivlərin mövcudluğunu vurğulayıb, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsindən danışıb.
Çinin Kommersiya Nazirliyinin Xarici investisiyalar və iqtisadi əməkdaşlıq departamenti direktorunun müavini Xu Yuanjie, Çinin İşçi Komissiyasının katibinin müavini Li Qanq, “China Energy International Group Co., Ltd.” şirkətinin baş vitse-prezidenti Lin Xiaodan və digər Çin qurumlarının nümayəndələri Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimizin investisiya imkanlarının qarşılıqlı tanıdılması və reallaşdırılması, “yaşıl” enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları və digər məsələlər barədə fikirlərini bildiriblər.
Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov xarici investisiyaların cəlbi istiqamətində həyata keçirilən tədbirlər, investorlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə çıxış ediblər.
Forumda işgüzar dairələr arasında tərəfdaşlığın gücləndirilməsi, müxtəlif istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsinin perspektivləri barədə müzakirələr aparılıb.