Bu ilin yanvar-iyul ayları ərzində 300 minə yaxın çıxarış verilib
2023-cü ilin 7 ayında 299678 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur. Belə ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində 299.678 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,2% çoxdur.
2023-cü ilin 7 ayı ərzində göstəricinin 47.406-sı (15,8%) ilkin, 252.272-si (84,2%) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı
2023-cü ilin yanvar-iyul ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 29.846-sı fərdi yaşayış və bağ evi, 53.408-i mənzil, 209.806-sı torpaq sahəsi, 1.815-i qeyri-yaşayış binası, 4.320-si qeyri-yaşayış sahəsi, 415-i əmlak kompleksi, 68-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 56.177-si Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-iyul ayları ərzində 245.855 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 61,2% çoxdur. 2023-cü ilin 7 ayı ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3% artaraq 46.611 olub.