5, 11, 12 və 14 sentyabr tarixlərində keçiriləcək hərraclara müxtəlif çeşidli 51 əmlak çıxarılıb. Bunların arasında yardımçı təsərrüfat, iaşə obyektləri, mağaza da var.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabr ayında keçiriləcək hərraclara çıxarılan əmlakların sayı çox, çeşidi isə müxtəlifdir. Növbəti ayın 5-i, 11-i, 12-si və 14-ü tarixlərində hərrac keçiriləcək.

Sentyabrın 5-də keçiriləcək hərraca 12 nəqliyyat vasitəsi və 2 avadanlıq çıxarılıb. Bunların sırasında müxtəlif markalı minik avtomobilləri ilə yanaşı, traktor da var. 
 
Sentyabrın 11-də keçiriləcək hərraca “AqrarKredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan 9 nəqliyyat vasitəsi çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixi 2008-2013-cü illəri əhatə edir.

Sentyabrın 12-də təşkil olunacaq hərracda isə 13 obyekt və 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi imkanı yaradılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza da var.

Sentyabrın 14-də keçiriləcək hərraca “Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus 4 daşınmaz əmlak çıxarılıb.

Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH)