Seçim çoxluğuna gəldikdə isə hər həftə hərraclara müxtəlif kateqoriyalara aid olan, çeşidli dövlət əmlakları çıxarılır. Komitə tərəfindən növbəti hərraclardan biri də 13 noyabr tarixində reallaşacaq. Belə ki, bu dəfə prosesə ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir.

Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 29,7 kv.m ilə 9297,4 kv.m aralığındadır. Biznesini təmir-tikinti sahəsi üzrə qurmaq istəyənlər üçün Lənkəran Mexaniki Təmir Zavodu uğurlu seçim ola bilər. Geniş torpaq ərazisi ilə birgə özəlləşməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 3954,1 kv.m-dir. 10 saylı təsərrüfatlararası təmir səyyar mexaniki dəstə isə Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşir. Bu dövlət əmlakının isə ümumi faydalı sahəsi 1009,9 kv.m-dir.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, digərləri isə Gəncə, Samux və Sabirabadda yerləşir. Hər bir investorun büdcəsinə uyğun ola biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 10 kv.m-dən 190,1 kv.m-ə qədərdir. Xidmət obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlakları qiymət baxımından da müxtəlifdir. Bakı şəhəri üzrə hərraca çıxarılan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 14.7 kv.m-dir.

Hərraca müxtəlif rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri də çıxarılıb. Şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq Şamaxı Dəmir Beton, Kürdəmir Kəndkimya Təchizat, Sabirabad İnşaat Sənaye kimi dövlət əmlaklarını göstərə bilərik.

Nəqliyyat vasitələrinə gəldikdə isə özəlləşdiriləcək avtomobillərin buraxılış tarixləri 1992-2008 illəri əhatə edir. Qeyd edək ki, bu kateqoriyadan olan münasib qiymətli dövlət əmlakları Hyundai, Ford, Qaz və Vaz markalarına aiddir.

Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərraclarda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.