Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar artıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox - 60,5 milyon manat vəsait daxil olub.
Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində 28 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi, 259 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 6 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 148 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 31 onlayn qoşulma reallaşıb. 2023-cü ilin birinci yarımilliyi ərzində hərrac vasitəsilə 18 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2023-cü ilin birinci yarımilliyində ümumilikdə 10,4 milyon manata yaxın investisiya qoyulub və həmin müəssisələrdə 50-dən çox yeni iş yeri yaradılıb.
Cari ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 60,5 milyon manat təşkil edib və yarımillik büdcə proqnozuna 122,5% əməl olunub. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox olub.