İmişlinin torpaq idarəçiliyində yeni mərhələ
Reallaşan uçot işləri, İmişlinin bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 76,3 min hektar torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Rayonun torpaq balansı müəyyənləşib. Bəlli olub ki, 27,9 min hektar bələdiyyə, 10,2 min hektar dövlət, 38,2 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 53,8 min hektara yaxını (70,5.3%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 38,5 min hektarını əkin sahələri təşkil edir. Daha çox münbit torpaq isə bol məhsul deməkdir. Belə olan halda isə rayonun ərzaq təminatının ödənilməsi imkanları genişlənir.
Tədbirdə qeyd olunub ki, uçot işləri rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə, iqtisadi, aqrar münasibətlərə müsbət təsirlər göstərəcək. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 36,1 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər digər uqodiyaların hesabına artaraq 38,5 min hektar olub. Əlavə torpaq sahəsinin müəyyənləşməsi isə aqrar sahəyə cəlb edilən ərazilərin çoxalması ilə nəticələnir. Bununla həm vətəndaş daha çox qazanc götürür, həm də dövlətin torpaq fondu artmış olur.
Eyni zamanda ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verən geobotanik, eroziya və relyef xəritələri tərtib edilib. Belə xəritələr torpağı hansı istiqamətdə istifadə edilməsi ilə bağlı düzgün planlama üçün yardım edir. Eləcə də, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması rayon ərazilərindən kənd təsərrüfatı sahəsində istifadəni səmərəli edir.
Hesab edilir ki, bəzi ailələr torpaq sahələrini birləşdirərək eyni məhsulu becərməklə daha çox gəlir əldə edə bilərlər. Belə ki, uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 10,3 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir.
Qeyd edilməlidir ki, bu günə qədər bu layihənin praktiki istifadəsi 25 rayonda reallaşıb. Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.