İsmayıllıda zona müşavirəsi keçirilib
İsmayıllı, Qəbələ və Oğuz rayonları üzrə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.
Bəzən torpaqların təyinatına uyğun istifadə edilməməsi, torpaqların ayrılmasında nöqsanlara yol verilməsi hallarına rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti belə halların qarşısının alınması, torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün inzibati tədbirlərlə yanaşı, maarifləndirici işlər də həyata keçirir. Dövlət Xidməti bələdiyyələri, yerli icra hakimiyyəti orqanlarını, digər hüquqi və fiziki şəxsləri bu sahədəki qanunvericiliyin tələbləri ilə tanış edir, onları tətbiq edilən yeniliklərlə bağlı məlumatlandırır.
Bu istiqamətdəki tədbirlərin davamı olaraq İsmayıllıda Əmlak Məsələləri Dövlət Xidməti və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq və əmlak idarəçiliyinə həsr edilən zona müşavirəsi keçirilib. Müşavirədə İsmayıllı, Qəbələ və Oğuz rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, İsmayıllı, Qəbələ və Oğuz rayonları üzrə ümumilikdə 240 120 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.
Tədbirdə İsmayıllı rayonu üzrə torpaqların elektron kadastr uçotu işləri elektron olaraq nümayiş olunub. Qeyd edilib ki, kadastr uçotu işləri nəricəsində rayonun, eləcə də inzibati ərazi dairələrinin, bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyən edilib.
Müşavirədə məlumat verilib ki, adları qeyd olunan rayonlar üzrə ümumilikdə 112 inzibati ərazi dairəsindən 98-nin xəritələri hazırlanaraq Milli Məclisə təhvil verilib, 14 inzibati ərazi dairəsinin xəritələri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılma mərhələsindədir.
Müşavirədə dövlət başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanından irəli vəzifələrdən, üstünlüklərindən bəhs olunub. Fərmanın icrası istiqamətində aidiyyyəti yerli icra hakimiyyətlərinin, bələdiyyələrin, dövlət qurumlarının, eləcə də Dövlət Xidmətinin görəcəyi işlərdən danışılıb.
Ötən il və bu ilin yanvar-mart ayları ərzində qeyd edilən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız verilir və ya zəbt edilir.
Ümumilikdə, monitorinqlər nəticəsində bu dövr ərzində adıçəkilən rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 300-ə yaxın bu cür hallar aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 90 inzibati protokol tərtib edilib, 42,1 min manata yaxın cərimə tətbiq olunub. Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, ciddi tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.
Çıxış edən bələdiyyə sədrləri torpaq və əmlak idarəçiliyi sahəsində qarşılaşdıqları məsələlərdən bəhs ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.