Dövlət başçısının Fərmanı sahibkarlar üçün yeni imkanlar açır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının digər sahlələrində olduğu kimi, daşınmaz əmlakın qeydiyyatı sahəsində də şəffaflığın, operativlik və əlçatanlığın artırılması, habelə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, mühüm qərarlar qəbul olunur.
Dövlət başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni mərhələnin başlanğıcıdır. Belə ki, 2023-cü il iyunun 1-dək inşa edilən qeyri-yaşayış sahələrini əhatə edən bu mühüm qərar biznesin böyük gözləntisinə cavab verməklə mülkiyyət hüquqlarının yaranması, qeydiyyatı və biznes imkanlarının reallaşdırılmasında əhəmiyyətli dəyişikliyə səbəb olacaq. Fərman qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınması baxımından olduqca önəmlidir. Qeyd edək ki, tikinti obyektlərinin istismarına icazə verilməsindən irəli gələn səlahiyyətlərin səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri Fərmanın icrası müddətində qarşılıqlı məlumat mübadiləsini təmin edəcəklər.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində amnistiya xarakterli bu mühüm qərar icazəsiz tikilən qeyri-yaşayış sahələrinin sənədləşdirilməsinə, bu sahədə nəzarət tədbirlərinin daha effektiv aparılmasına, leqal əmlakın coğrafiyasının genişlənməsinə əlverişli şərait yaradır. Ümumilikdə, Fərman həm iqtisadi, həm də sosial baxımından xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, sahibkarlar üçün mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə etmək imkanının yaranması ilə yanaşı, həmin əməliyyatlar üzrə vergi, rüsum və ödənişlərinin yığılması da mümkün olacaq.
Bununla yanaşı, Fərmandan irəli gələn məsələlərin icrası sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına stimul verəcək.
Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüquqlarının tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə töhfə olacaq.
Fərman ölkə üzrə təhlükəsiz və etibarlı daşınmaz əmlak sahiblərinin sayının artmasına da təkan verəcək. Bu sahədə tənzimləmə torpaqdan qanunsuz istifadəyə yol verilməsi, şəhərsalma və tikintidə təhlükəsizlik qaydalarının pozulması kimi neqativ halların qarşısının alınmasında da mühüm rol oynayacaq, icarə münasibətlərinin qanuni əsaslarının bərqərar olmasına şərait yaranacaq.