Pakistanın Baş naziri ilə görüş keçirilib
Azərbaycan-Pakistan tərəfdaşlığının inkişafı məsələləri müzakirə edilib, ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, energetika naziri Pərviz Şahbazov və Pakistandakı səfirimiz Xəzər Fərhadov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vurğulanıb ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. Görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Ticarət Nazirliyi arasında ticarət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkə arasında ticarət əlaqələrinin dərinləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məsələlərini əhatə edir.