Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə dünyada 10-cu yerdədir
Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində Azərbaycanın tutduğu yer dünya üzrə ən yaxşı göstəricilərdəndir. Hesabatda ümumi iqtisadi göstəricilərə görə reytinqdə 1-ci yeri tutan Sinqapur daşınmaz əmlakın qeydiyyatına görə 24-cü yerdə göstərilib. Müqayisə üçün bildirək ki, əmlakın qeydiyyatına görə, qonşu ölkələrdən Rusiya 12-ci, Türkiyə isə 54-cü yerdə qərarlaşıb. Hesabatda ABŞ 29-cu, Avstriya 35-ci, Böyük Britaniya 68-ci, Almaniya 89-cu, Yaponiya isə 73-cü yerdədir.
Hesabatda qeyd olunur ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı üçün 3 prosedur tələb olunur. Bu prosedurlara 8,5 gün müddət sərf edilir. Hər 3 prosedurun icrası üçün əmlak dəyərinin 0,4 %-i qədər xərc tələb olunur. Reytinqə görə, bu göstərici ən yaxşı göstəricilərdən biri hesab edilir.
Qeyd edək ki, hesabatda əks olunan 10 müxtəlif göstərici üzrə Azərbaycan ötən il 88-ci yeri tutsa da, bu il 8 pillə irəliləyərək 80-ci yeri tutub. Bu irəliləyişin əsas səbəblərindən biri kimi, məhz daşınmaz əmlakın qeydiyyatı prosedurlarının sadələşdirilməsi göstərilib.
"Doing Business-2015" reytinqi Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişafın və əldə olunan uğurlu nəticələrin əyani sübutudur. Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə həyata keçirdiyi ardıcıl və uğurlu tədbirlər nəticəsində ölkəmiz reytinq cədvəlində dünya üzrə 10-cu yerə qalxıb.
Son illərdə daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron və onlayn xidmətlər, müasir informasiya-kommunikasiya texnologiyaları aktiv tətbiq edilir. Bu il komitə tərəfindən iki yeni onlayn xidmət istifadəyə verilib. Bu ilin əvvəlindən etibarən tətbiq edilən ilk onlayn xidmət sayəsində vətəndaşlar daşınmaz əmlaka dair yüklülük arayışlarını (Forma-1) notariuslarda onlayn qaydada əldə edirlər. Digər onlayn xidmət isə (Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi) mülkiyyətçilərə daşınmaz əmlak barədə dövlət reyestrində qeydə alınmış məlumatlarla onlayn tanış olmaq imkanı yaradıb. Vətəndaşlar daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarını ərazi idarələrinə getmədən internet vasitəsilə öyrənə bilirlər. Bundan əlavə, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, texniki pasportların tərtibi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi, xidmət haqlarının ödənilməsi, ünvan barədə arayışların verilməsi ilə bağlı elektron xidmətlər də vətəndaşların istifadəsindədir. İndiyədək 111 mindən çox fiziki və hüquqi şəxs komitənin elektron xidmətlərindən yararlana bilib.
Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılıb. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir.
Qeyd olunduğu kimi, qeydiyyat prosedurları kifayət qədər sadələşdirilib, bununla da sənədlərin təqdimetmə müddətləri qısaldılıb. Sənədlərin avtomatlaşdırılmış qeydiyyat və axtarış sistemi yaradılıb. Sadələşmədən sonra ötən ildən etibarən mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışlar 7 günə, əmlak barədə arayışlar isə 1 günə təqdim olunur. Müqayisə üçün bildirək ki, bu müddətlər 2005-2009-cu illərdə 30-20 gün, 2010-2012-ci illərdə isə 18-14 gün təşkil edirdi.
Hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər davam etdirilir. Bu sistem, müəyyən olunmuş qaydalar əsasında, bütün dövlət qurumları və müvafiq təşkilatlara daşınmaz əmlaklar barədə zəruri informasiyaları çevik, dəqiq və rahat əldə etmək imkanı yaradacaq. Bu məqsədlə, Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tikilir.
Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə müasir ərazi qeydiyyat idarələri fəaliyyət göstərir. Bu il ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə və Beyləqanda yerləşən ərazi idarələri üçün yeni inzibati binaları istifadəyə verilib. Həmin binalar müasir tələblərə tam uyğundur və xidmət şəraiti yüksək səviyyədədir. Bu tədbirlər vətəndaşların qeydiyyat xidmətlərindən rahat şəkildə faydalanmasına xidmət edir.
Eyni zamanda, komitə bu il göstərdiyi xidmətlərdə növbəti innovasiyanı həyata keçirib. Belə ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mobil ofis xidmətləri istifadəyə verilib. Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. Əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsidir.
Bütün bu fəaliyyətlərin nəticəsidir ki, bu ilin 9 ayında daşınmaz əmlakın qeydiyyat sayı rekord həddə, 151 minə çatıb. 2014-cü ilin sonuna isə daşınmaz əmlakın qeydiyyatında yeni rekord say gözlənilir.