İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çinin “Envision Energy” şirkətinin beynəlxalq işlər üzrə vitse-prezidenti Con Li ilə görüşündə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər və əməkdaşlıq imkanları müzakirə olunub.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “Envision Energy” şirkətinin beynəlxalq işlər üzrə vitse-prezidenti Con Li ilə görüşüb.

İqtisadiyyat naziri Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Ölkəmizdə bu sahədə ixtisaslaşan müəssisələrin qurulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var. 

Görüşdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.


Qeyd: Çinin “Envision Energy” şirkəti 2007-ci ildə yaradılıb və külək turbini istehsalı üzrə ixtisaslaşıb. Şirkət Çin və digər ölkələrdə külək, günəş və hidrogen enerjisi istehsalı layihələrində iştirak edir. “Envision Energy” “yaşıl” texnologiyaların inkişafı məqsədilə dünyanın bir sıra ölkələrində elmi-tədqiqat və mühəndislik mərkəzləri şəbəkəsi yaradıb.