Bu ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 51,1 milyon manat ödənilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ildə də dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir. Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin yanvar-aprel ayları ərzində 16 hərrac keçirilib. Hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 8 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 198 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu müddətdə hərraca çıxarılmış dövlət əmlakları üzrə 130 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 26 onlayn qoşulma reallaşıb. Bu ilin ilk 4 ayı ərzində hərrac vasitəsilə 13 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Cari ilin yanvar-aprel ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 40,3 milyon manat daxil olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb.
Bu ilin yanvar-aprel ayları ərzində 1045 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 223-ü qeyri-yaşayış sahələri üzrə, 822-si isə torpaq sahələrinə dair olub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə 10,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Dövlət əmlakının icarəsindən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artıb.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə 10,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Dövlət əmlakının icarəsindən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artıb.
Beləliklə, bu ilin yanvar-aprel ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə, büdcəyə 51,1 milyon manat daxil olub.