“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı unikal xalçanın təqdimatı keçirilib
İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə nümayiş etdirilən “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı ensiklopedik xatirə xalça kompozisiyası Ulu Öndərin irsini və fəaliyyətini ilmələrdə əks etdirir.
İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı ensiklopedik xatirə xalça kompozisiyasının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi xalqımız tərəfindən təntənə ilə qeyd edilir. Bu baxımdan, cəmiyyətimizlə həmrəy olaraq, Azərbaycan xalçaçıları da Ulu Öndərin unudulmaz xatirəsini özünəməxsus yaradıcılıqla yad edirlər. Layihə Azərbaycanda xalçaçılığın yüksək yaradıcılıq potensialını bir daha təsdiq edir. Xalçaçılıq qədim və zəngin mədəniyyətə, möhkəm dövlətçilik ənənələrinə malik xalqlarda təşəkkül tapıb. Bu peşənin bizim milli irsimizlə sıx bağlı olması Azərbaycan xalqının maddi-mənəvi mədəniyyətinin zənginliyindən və qədimliyindən xəbər verir. Təsadüfi deyildir ki, milli mədəniyyətimizin tərkib hissəsi olan xalçaçılıq irsinə Prezident İlham Əliyev tərəfindən yüksək diqqət və qayğı göstərilir, bu peşənin müasir dövrdə yaradıcılıq imkanlarının reallaşmasına, yeni yaradıcılıq nümunələrinin aktuallıq kəsb etməsinə münbit şərait yaradılır.
Qeyd olunub ki, müasir dövrdə Azərbaycan xalqının və dövlətçiliyinin tarixi və taleyi Ümummilli Liderin şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutub. Ulu Öndərin rəhbərliyi ilə ötən əsrin 60-cı illərinin sonlarından başlayan Azərbaycanın hərtərəfli yeni inkişaf mərhələsi əsrin sonlarında milli dövlətçiliyin bərpa edilməsi, müasir, güclü dövlətin yaradılması missiyasının uğurla yerinə yetirilməsi ilə tamamlandı. Məhz Heydər Əliyevin liderlik məharəti, inkişaf strategiyası sayəsində Azərbaycanda güclü və müstəqil dövlət, səmərəli, davamlı inkişaf edən iqtisadiyyat və rifahlı, azad cəmiyyət formalaşdı. Bu gün dövlətimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək yeni uğurlar qazanır, böyük zəfərlərə imza atır. Eyni zamanda, Azərbaycan xalqı Heydər Əliyev irsinə sadiqliyini hər məqamda nümayiş etdirməkdədir. Bugünkü yaradıcılıq nümunəsi də Ulu Öndərin irsinə sadiqliyin, onun xatirəsini daim uca tutmağın ifadəsidir. Təqdimatı keçirilən xalça kompozisiyası unikal olmaqla, Heydər Əliyev irsini və fəaliyyətini ilmələrdə əks etdirir.
İqtisadiyyat naziri xalçaçıların peşə bayramı olan “Xalçaçı Günü” münasibətilə Azərbaycan xalçaçılarını təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov qeyd edib ki, dövlət başçısının 25 noyabr 2016-cı il tarixi sərəncamı ilə hər il 5 may Azərbaycanda “Xalçaçı Günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalça sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bunun timsalında hazırda xalçaçılığın inkişafı ilə bağlı digər tədbirlər də bir daha Ulu Öndərin mədəniyyətimizə göstərdiyi qayğının dövlətimiz tərəfindən yeni dövrdə uğurla davam etdirilməsini bariz şəkildə əks etdirir. Emin Məmmədov təqdimatı keçirilən layihənin hazırlanması prosesi barədə danışıb, xalçaçılara və bu peşənin inkişafına göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Tədbirdə Emin Məmmədovun təqdimatında Ulu Öndərə həsr edilmiş xalça kompozisiyası ilə tanışlıq olub, həmçinin layihədə əksini tapmış ideyalardan bəhs edən videoçarx nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, layihənin həmmüəllifləri - Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçıları isə ASC-nin yaradıcı komandasıdır. 2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsində qurumun İsmayıllı emalatxanasında çalışan 11 toxucunun əməyi olub. Xatirə xalçasının toxunması bu ilin aprel ayında yekunlaşıb. Üç hissədən ibarət olan əsərin hər bir hissəsində Ümummili Liderin ümumi həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə “xalça dili”ndə əksini tapıb.
İlk hissədə (1 rəqəmini əks edən) xalçanın kompozisiyasına uyğun olaraq xalqın birliyini və əzəmətini əks etdirən rəmzlər haşiyə motividir. Ulu Öndərin ötən əsrin 90-cı illərində respublikamızın məruz qaldığı xarici və daxili ixtilaflarla mübarizədə məhz xalqla birlikdə olmasını, onun inam və gücünə arxalanmasını nəzərə alaraq, xalça üzərində Heydər Əliyev – xalq birliyi öz əksini tapıb. Xalçanın kənar haşiyəsinin konturları isə Ümummilli Liderin ad və soyadının baş hərflərini əks etdirir.
Respublikamızda siyasi-iqtisadi sabitliyi təmin edən Ulu Öndər ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin hamisi olub. Heydər Əliyev və təhsil mövzusu xalçanın birinci hissəsinin əsas mövzularından biridir. Bundan əlavə, həmin hissədə Ümummilli Liderin milli musiqimizə olan sevgisi, ən sevdiyi gül – zoğalı rəngli qızılgül, mənəvi zənginlik hesab etdiyi kitablar, məhz onun səyləri və bilavasitə təşəbbüsü ilə inşa olunmuş milli memarlıq nümunələri, mədəniyyətimizin stilizə olunmuş simvolları – tar, kaman, qaval, yallı, armudu stəkanda çay və s. elementlər də öz əksini tapıb.
Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə respublikamızda ixtisaslı milli hərbçilərin yetişdirilməsi üçün Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb açılıb, ali və orta ixtisas məktəblərində müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr və şöbələr yaradılıb. Milli Ordu quruculuğunun təməlini qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində öz geniş əksini tapıb.
Ümummilli Liderin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycan regionda sülhün dayağına, paytaxt Bakı isə beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Bu baxımdan, Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” də xalça üzərində həkk olunub.
Ulu Öndər həm hakimiyyətə birinci gəlişi zamanı, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatına böyük önəm verilib, aqrar sektorun inkişafı və regionlarda əhalinin rifahı üçün əhəmiyyətli zəmin yaradılıb. Xatirə xalçasının üzərində Ümummilli Liderin bu sahədə olan fəaliyyəti əksini tapıb.
Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) portreti əks olunmuş “Keçmiş və gələcək – düşüncələr ayrıcında” adlanır. Burada firavan gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi xalqının önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yüksək bir zirvədən ölkənin bugününü böyük fəxrlə, gələcəyini isə inamla seyr edir. Xalçanın sərhədlərini müəyyən edən, “Birlik, qardaşlıq və güc” rəmzi sayılan əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində Ulu Öndərin timsalında “İdeal cəmiyyətin simvolu” – ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər, bitkilər – bolluq və firavanlıq, qızılgül isə gələcək nəsillərə qayğı və dəstək elementi kimi öz əksini tapıb.