Əmlak Məsələləri Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi birgə əməkdaşlığa start verdi
Tədbir çərçivəsində dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq əmlak idarəçiliyi sahəsində ilk dəfə reallaşdırılan ən iri və unikal layihələrdən olan Torpaqların Elektron Kadastr Uçot İnformasiya Sistemi barədə təqdimat olub. Bildirilib ki, torpaqların elektron kadastr uçotu ümumilikdə 57 şəhər və rayonu, həmçinin 6,5 milyon hektara yaxın ərazini əhatə edəcəkdir. Bu günə qədər 4,6 milyon hektar sahənin elektron kadastr uçotu aparılıb. 2 minə yaxın şəhər, kənd və yaşayış məntəqələrində elektron kadastr uçotu işləri görülüb. Elektron kadastr uçotu aparılmış parsellərin sayı 2,8 milyon təşkil edir.
Qeyd edilməlidir ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naftalan, Şirvan şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.
Bildirilib ki, 24 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 10 rayonda uçot işlərinin real şəraitdə tətbiqi mexanizminə başlanılıb. Görülən işlər nəticəsində, dövlətə, bələdiyyələrə, eləcə də xüsusi mülkiyyətə məxsus torpaqların dəqiq həcmi məlum olub. Bu işlər əsasında kənd təsərrüfatı təyinatlı torpaqların sahələri müəyyənləşib, yararlı və yararsız ərazilərin xüsusi çəkisi bəlli olub.
Reallaşan bu layihə çərçivəsində 2,3 milyon hektar ərazidə torpaq tədqiqatı işləri yerinə yetirilib. 2 milyon hektardan çox ərazidə isə geobotaniki tədqiqat işləri həyata keçirilib. Eyni zamanda torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası aparılıb. Uçot işləri yekunlaşmış rayonların bələdiyyə xəritələri, yay otlaqlarının geobotanik, torpaqların isə eroziya xəritələri tərtib edilib. Belə xəritələr torpaqların kənd təsərrüfatının hansı növünə cəlb ediləcəyi ilə bağlı düzgün fəaliyyətin təməlini formalaşdırır. Həmçinin bu aqrar sahəyə cəlb olunan torpaq sahələrinin artmasına, məhsuldarlıq üzrə faydalılıq dərəcəsinin müəyyənləşməsinə imkan verir.
Diqqətə çatdırılıb ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi ilə bağlı publik portal yaradılır. Portalda hər bir rayonun torpaqla bağlı məlumatlarını əks etdirən xəritələr yerləşdiriləcək.
Memorandum imzalanmamışdan öncə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tədbirdə iştirak edən qonaqları salamlayaraq, bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirməsi, torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində mühüm tapşırıqlar verir. Ölkə rəhbəri tərəfindən imzalanan 2016-cı il 7 mart tarixli fərmana əsasən effektiv torpaq idarəçiliyi ilə bağlı elektron kadastr uçotu informasiya sistemi yaradılır və rəqəmsal kadastr xəritəsi tərtib edilir, bu istiqamətdə müasir yanaşmalar, elmi texniki nailiyyətlər tətbiq olunur. Komitə tərəfindən görülən bu genişmiqyaslı tədbirlər torpaq bazarının təkmilləşdirilməsinə, torpaq balansının dəqiqləşdirilməsinə, idarəetmədə səmərəlilik prinsipinin təmin edilməsinə imkan verir.
Görülən işlər nəticəsində əldə olunan məlumatlar əsasında kənd təsərrüfatı təyinatlı torpaqlar elmi əsaslarla idarə edilir, aqrar sahəyə dəstək mexanizmi formalaşır, torpaq ehtiyatlarından istifadənin qanunauyğunluğu müəyyən olunur. Bu isə ərzaq təhlükəsizliyinin təmin edilməsinə, daxili tələbatın yerli kənd təsərrüfatı məhsulları ilə ödənilməsinə şərait yaradır.
İmzalanan memorandumun əhəmiyyətinə toxunan Komitə sədri Kərəm Həsənov vurğulayıb ki, sənəd ikitərəfli əməkdaşlığın genişlənməsi baxımından xüsusi rola malikdir. Qarşılıqlı əməkdaşlığın genişlənməsi və dərinləşməsi isə hər iki dövlət qurumunun qarşısına qoyulan vəzifə və tapşırıqların daha operativ və keyfiyyətlə icra olunmasına müsbət təsir edəcəkdir.
Daha sonra Kənd Təsərrüfatı Naziri İnam Kərimov torpaqların səmərəli idarəedilməsi sahəsində innovativ layihələrin icrasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlığın önəmini diqqətə çəkib. Bildirib ki, bu əməkdaşlıq görülən işlərin daha da genişlənməsinə yönəlib. Qeyd edib ki, bir neçə istiqamətlər üzrə və vahid formatda təşkil olunacaq məlumat bazası torpaqların elmi əsaslarla idarəedilməsinə, münbitlik dərəcəsini öyrənərək bu sahədə çatışmazlıqların aradan qaldırılmasına, torpaqdan əldə olunan məhsuldarlığın artmasına imkan verəcək.
Sonda Kərəm Həsənov və İnam Kərimov iki qurum arasında birgə əməkdaşlığa dair memorandum imzalayıblar. İmzalanan sənədə görə tərəflər arasında fəaliyyət sahələri üzrə mövcud məlumat bazalarına birbaşa elektron çıxış təmin ediləcək, vahid dövlət kadastrı sisteminə inteqrasiya olunacaq və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi təmin ediləcək.
Memoranduma əsasən hər iki tərəf öz səlahiyyətləri çərçivəsində torpaqların elektron kadastr uçotu sahəsində, torpaqların intensiv üsullarla istifadə olunması istiqamətində birgə fəaliyyətə başlayır.
Həmçinin sənəddə torpaqlardan istifadədə səmərəliliyinin artırılması üçün tərəflərin həyata keçirdiyi müxtəlif layihələr, həmçinin görülən işlər zamanı ixtisaslı kadrların cəlb edilməsi, hər iki qurumdan toplanmış məlumatların müasir çağırışlara uyğun olaraq təhlili qeyd olunub.