“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Sumqayıtda vətəndaşları qəbul edib
Vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı, kadastr, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, sosial və s. məsələlər barədə müraciətlərinə baxılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində Sumqayıtdan olan vətəndaşları qəbul edib.
Qəbula gələnlər mülkiyyət hüquqlarının qeydiyyatı, kadastr, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, sosial və s. məsələlər barədə müraciət ediblər. Qəbulda bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara əsaslandırılmış izahatlar verilib.